Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş olub. Yaradıcılıq festivalında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.
Teleqraf.comi xəbər verir ki, respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival Ağdaş şəhərindəki Heydər Əliyev parkında keçirilib.
Festivalın budəfəki proqramı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunub. Regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin, musiqiçilərin ifasında “Azərbaycan”, “Yaşa mənim xalqım”, “Qarabağ şikəstəsi”, “Üç rəngli bayrağım” kimi vətənpərvərlik ruhunda olan və birliyə çağırış mesajı verən mahnılar səsləndirilib.
Regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarlarının, yaradıcı insanların əl işləri - dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları sərgilənib.
Eyni zamanda, regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibana, kvillinq, qobelen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanan əsərləri də nümayiş etdiriblər.
Çoxsaylı insanın iştirak etdiyi festivala rəng qatan anlardan biri Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdaş Mədəniyyət Mərkəzinin Kəndirbazlar Folklor Kollektivinin rəhbəri, tanınan kəndirbaz Məhəmməd Paşayevin kəndir üzərində müxtəlif maraqlı hərəkətlər nümayiş etdirməsi olub.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradır. Habelə bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açır.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı respublikamızda ikinci dəfədir keçirilir. Festival iki ay davam edəcək.