Moldovanın Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostluğunu təcəssüm etdirən "Dostluq qapısı" abidəsinin təntənəli açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, abidə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və maliyyə dəstəyi ilə, Moldova və Azərbaycan xalqlarının dostluğu şərəfinə Sıncerey şəhərinin girişində, beynəlxalq dərəcəli yolayrıcında ucaldılıb. Azərbaycanlı memar Azər Məmmədov layihədə Azərbaycan və Moldova memarlıq ornamentlərindən istifadə edərək hər iki xalqın memarlıq ənənələrinin sintezinə nail olub.
Tədbirdə iştirak edən Sıncerey şəhərinin meri George Braşovski "Dostluq qapısı" abidəsinin şəhərin memarlığına sanballı tövhə olduğunu bildirərək, Moldova Azərbaycanlıları Konqresinə təşəkkür edib.
Abidənin açılışının əlamətdar hadisə olduğunu deyən Moldovanın Mədəniyyət naziri Monika Babuk Moldova Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyətini yüksək dəyərləndirib. O, eyni zamanda "Dostluq qapısı"nın gələcəkdə turistlərin marağını cəlb edən məkan olacağını əminliklə vurğulayıb.
Abidənin Moldova-Azərbaycan dostluğu şərəfinə Sıncerey şəhərinə hədiyyə edildiyini deyən Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov isə əlavə edib ki, "Dostluq qapısı" iki ölkə arasındakı ənənəvi dostluğun yeni bir simvolu olacaq.
Abidənin açılışında Moldova Respublikası Prezident Aparatının rəhbəri, Ion Paduraru, Moldova Elmlər Akademiyasının prezidenti George Duka, Azərbaycanın Moldovadakı Səfirliyinin müvəqqəti işlər müvəkkili İlham Ağayev, Moldovanın tanınmiş şairi və siyasi xadim İon Xadırka, eləcə də digər tanınmiş ictimai-siyasi xadimlər, elm və incəsənət adamları, Azərbaycan Konqresinin üzvləri və Sıncerey şəhərinin sakinləri iştirak edib.