Türkiyənin Bursa şəhərində psixoloji problemləri olan 51 yaşlı Dilek Toktaşlı anasının cəsədini evdə 3 həftə saxlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 87 yaşlı anası Hənifə Toktaşlının cəsədini qaldığı otaqda gizlədib. Lakin evdəki pis qoxunu hiss edən qonşular polisə müraciət ediblər. Polis evin zəngini çalsa da, qapını açan olmayıb. Çilingərin köməkliyi ilə qapı məcburi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Hənifə Toktaşlının çürümüş cəsədini aşkarlayıb. Polisləri görən Dilek Toktaşlı otaqa gizlənməyə çalışıb. O qaçmaq istəsə də, polislər imkan verməyib.
Polisin "ananın öldüyü barədə bizə niyə xəbər vermədin" sualına Dilek Toktaşlı belə cavab verib: "Düşündüm ki, yaxşılaşar. Qazımız kəsilmişdi, anam üşüməsin deyə gedib borcumuzu ödədim, cümə günündən bəri heç danışmır. Dünən ona su və meyvə verdim, amma yemədi. Telefonumuz da yoxdur deyə, heç kəsə zəng eləmədim. Məni qorxuda bilməzsiniz, qapımızı necə qırmısınızsa, eləcə də düzəldin".
İlkin araşdırmalara görə, H.Toktaşlı 20-25 gün öncə vəfat edib. Qızı isə bu müddətdə onun cəsədi olan otaqda qalıb.
Kəmalə