Şəfa mənbəyi olan portağalın qabığını atmayın. Çünki bu meyvənin qabığından müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz.
Publika.az portağal qabığının istifadə qaydalarını araşdırıb:
Qabyuyan maşında istifadə edin: qabyuyan maşından gələn pis qoxuları aradan qaldırmaq və kirəcləşmənin qarşısını almaq üçün çəngəl-bıçaq bölməsinə 2-3 ədəd portağalın qabığını qoyun. Qablar yuyulduqdan sonra qabyuyanın qapağını açanda burnunuza xoş qoxular gələcək.
Təbii otaq ətri hazırlayın: Portağal qabıqlarını sobanın və ya kombinin üstünə qoyun. Ətrafa gözəl portağal qoxusu yayılacaq.
Dincəlin: Portağal qabığı, darçın və mixəyi qarışdırıb tavada qoxusu çıxana qədər qovurun . Qarışığı boşqaba töküb salona gətirin. Boşqabdan yayılan qoxu əsəblərinizi sakitləşdirəcək. Özünüzü daha dinc hiss edəcəksiniz.
Dərinizi təmizləyin: payız və qış aylarında quruyan dərinizi təmizləyib nəmləndirmək üçün portağal qabığından istifadə edə bilərsiniz. Portağal qabığının tərkibində olan kalium, zülal, B və E vitaminləri dəri üçün çox faydalıdır. Portağal qabığını rəndələyin və bir az şəkər tozu ilə qarışdırıb üz və ya boyun bölgəsinə çəkin. Masaj edin. Daha sonra ilıq su ilə durulanın.
Kekslərə ləzzət qatın: portağal qabığının narıncı hisslərini ağ hissədən ayırın. Narıncı hissəsini xırda-xırda doğrayıb sobada qurudun. Daha sonra şüşə qabda mühafizə edin. Qurudulmuş portağal qabığı ilə kekslərə və ya tortlara ləzzət qata bilərsiniz.
Bitki çayına əlavə edin: portağal qabığı ilə yaşıl və ya ağ çayın dadını yaxşılaşdıra bilərsiniz. Çay ilə portağal qabığını böyük bir fıncana töküb dəmləyin.
Salatlara dad verin: portağal qabığını rəndələyin. Bir az zeytun yağı ilə qarışdırıb bir gün saxlayın. Daha sonra salatlara əlavə edin. Bu sous bütün salat növlərinə dad verəcək.
Mürəbbə bişirin: iki kasa portağal qabığını suda bişirin. Suyunu süzün. 3 stəkan şəkər tozunu 1 stəkan su ilə qarışdırıb qaynadın, daha sonra portağal qabıqlarını da əlavə edin. 15 dəqiqə bişirin. 1- 2 ədəd portağalın şirəsini, bir az limon duzu əlavə edib daha 5- 10 dəqiqə bişirin.
Sellülitdən xilas olun: portağal qabıqlarını mətbəx robotundan keçirin. Üzərinə rozmarin yağı töküb püre halına gətirin. Bu qarışığı sellülitli bölgələrə çəkərək masaj edin. 30 dəqiqə saxlayıb ilıq su ilə təmizləyin. Proseduranı həftədə iki dəfə təkrarlayın.