3 May 2017 12:23
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə heç nə baş vermədi. Rusiya paytaxtında keçirilən bu görüşün təşəbbüskarı da rəsmi Moskva idi.

Onların əsas qorxusu Azərbaycanın güclənməsi və Ermənistana müəyyən təhlükələr yaradacağı ilə bağlıdır. Bu, Ermənistanı və Rusiyanı çox narahat edir.

Bunu Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətindəki son prosesləri şərh edən politoloq Fikrət Sadıxov deyib.

O, qeyd edib ki, Rusiya son vaxtlar Azərbaycanla Türkiyənin münasibətlərinin artıq dərəcədə inkişaf etdiyini görür:

“Hazırda Azərbaycanda iki ölkənin birgə hərbi təlimləri keçirilir. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı getdikcə güclənir. Bundan öncə – Moskva görüşü ərəfəsində, aprelin 16-dan 21-dək Azərbaycan Silahlı Qüvvələrinin 30 min nəfərlik şəxsi heyətinin iştirakı ilə təlimlər keçirildi. Rusiya başa düşür ki, bunlar təsadüfi amillər deyil. Bu təlimlər Azərbaycanın qüdrətinin, hərbi potensialının nümayişidir və gec-tez öz torpaqlarını azad etmək istiqamətində atılacaq addımların anonsudur. Bunlar hamısı Rusiyanı Ermənistan üçün narahatlıq keçirməyə vadar edir. Belə olan təqdirdə Moskva ATƏT-in Minsk qrupu çərçivəsində təşəbbüsü öz üzərinə götürür. Yenidən hər iki ölkəni bir araya gətirmək və vəziyyəti normallaşdırmaq məqsədilə münaqişə tərəflərini bir masa arxasına əyləşdirir. Rusiyanın fəallığının, elə sonuncu Moskva görüşünün də əsas məqsədi budur”.

Politoloq hərbi əməliyyatların yenidən başlayacağı, toqquşmaların olacağı ehtimalının heç vaxt gündəmdən çıxmadığını vurğulayıb:

“Əlbəttə, bunun baş verməsi təkcə bizdən asılı deyil. Bizim strateji məqsədimiz yalnız və yalnız müxtəlif yollarla işğal olunmuş torpaqlarımızı azad etməkdir. Amma eyni zamanda dəfələrlə təkrar edirik ki, biz sülh yolunun tərəfdarıyıq. Bu sülh yolu isə hər halda müəyyən nəticələrə gətirib çıxarmalıdır. Ermənistanla boş söhbətlər, danışıqlar xətrinə danışıqlar aparmaq Azərbaycanın əsas məqsədi deyil. Əgər Ermənistan təxribatları yenidən gücləndirsə, Azərbaycana qarşı hərbi sahədə ciddi addımlar atsa, ona 10 qat artıq cavab veriləcək. Ötən ilin Aprel hadisələri bunu bir daha sübut etdi. Əgər onlar bu hadisələrin yenidən baş verməsini istəmirlərsə, özləri üçün nəticə çıxarmalıdırlar”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər