10 May 2017 15:09
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Koreya yarımadasında gərginliyin azaldığı müşahidə olunur. Artıq tərəflər bir-birinin ünvanına təhdid səsləndirmirlər. Əksinə, Yaponiyanın “Kyodo” agentliyi ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla bir şərtlə görüşməyə hazır olduğunu bildirib. Həmin şərt də bundan ibarətdir ki, Pxenyan özünün raket-nüvə proqramından imtina etsin. Agentlik qeyd edib ki, ABŞ-ın yeni administrasiyasının mövqeyini Pxenyana Şimali Koreyanın yaxın silahdaşı Çin çatdırıb.

“Kyodo” onu da bildirib ki, Vaşinqton, həmçinin, Pekini Pxenyana qarşı hərbi tədbirlər görməyə hazırlaşmadığı və raket-nüvə proqramından imtina edəcəyi təqdirdə Şimali Koreya rejiminin qorunub saxlanılacağına zamin duracağı barədə məlumatlandırıb.

Bu arada Cənubi Koreyanın yeni seçilmiş Prezidenti Mun Çje İn parlamentdə keçirilən inauqurasiya mərasimi zamanı gələcəkdə Şimali Koreyaya səfər edə biləcəyini istisna etməyib. “Lazım gələrsə, mən dərhal Vaşinqtona, şərait imkan verərsə – hətta Pxenyana da səfər etməyə hazıram”, - deyə prezident Koreya yarımadasında gərginliyi azaltmaq niyyətində olduğunu qeyd edib. O, Koreya yarımadasında sülhün bərqərar olması üçün əlindən gələni edəcəyini bildirib.

Şimali Koreya rejiminin yaxın silahdaşı – Çin Xalq Respublikasının sədri Sin Szinpin Cənubi Koreya Prezidentinə göndərdiyi təbrik teleqramında Pekinlə Seul arasındakı fikir ayrılığını konstruktiv şəkildə həll etməyi təklif edib. Qeyd edək ki, Pekinlə Seul arasında əsas fikir ayrılıqlarından biri də Şimali Koreyanın nüvə proqramı ilə bağlıdır.

Bölgənin əsas oyunçularından biri, Şimali Koreya ilə 39,4 kilometrlik quru və su sərhədinə malik Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə Cənubi Koreyanın yeni Prezidentinə göndərdiyi təbrik teleqramında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə gətirib çıxaracağını bildirib.

Bütün bunları ümumiləşdirdikdə, Koreya yarımadasında gərginliyin nisbətən də olsa, azaldığını söyləmək mümkündürmü? Proseslər bu məcrada inkişaf edərsə, İranın nüvə proqramı məsələsi kimi Şimali Koreyanın da nüvə proqramı məsələsinin dinc yolla öz həllini tapa biləcəyi kimi nəticələr çıxarmaq olarmı?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Qabil Hüseynli yarımadada gərginliyin müvəqqəti səngiyə biləcəyini vurğulayıb. O, qeyd edib ki, hazırkı rejimin dövründə Şimali Koreya məsələsinin sülh yolu ilə həlli mümkün deyil:

“Mən Koreya böhranının sülh yolu ilə həll ediləcəyinə inanmıram. Çünki Şimali Koreyada xalqa zidd bir rejim bərqərar olub. Bu rejimin başçısının ruhi-psixoloji vəziyyəti də kifayət qədər şübhə doğurur. Onunla bir masa arxasında əyləşib danışıqlar aparmaq qeyri-mümkündür. Ola bilsin, danışığa getdi, müəyyən vədlər verdi. Amma onun danışığa gedəcəyi də problemli görünür. Çünki Kim Çen İn tamamilə xəyallar, ruhlar aləmində yaşayan bir adamdır. Ümumiyyətlə, Şimali Koreya böhranının sülh yolu ilə həllini mümkünsüz hesab edirəm. Gərginlik müvəqqəti olaraq səngiyə bilər. Tramp da təbiətcə, xarakter etibarilə dəyişkən adamdır. Bu dəyişkənliyin nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma Şimali Koreya probleminin həllinin bir yolu var. Orda rejim dəyişikliyinə gedilməli, bir xalqın iki yerə bölünməsi prosesinə son qoyulmalı, ən başlıcası isə şimaldakı xalqı zülm-zillətlə yaşamaqdan xilas edib cənubdakı kimi rifaha qovuşdurmaq lazımdır”.

Politoloq bildirib ki, bu məsələlər Yaponiya və ABŞ üçün bəlkə o qədər də maraqlı olmaya bilər, amma Cənubi Koreya üçün aktuallıq kəsb edən problemdir:

“Cənubi Koreyada bu yumşalmaya yəqin Trampın təklifləri əsasında gedirlər. Mən bu prosesin arxasında hansısa diplomatik gedişin olduğu qənaətindəyəm. ABŞ, Yaponiya və Cənubi Koreya manevr edirlər. Amma bu manevrin bir nəticə verəcəyini qətiyyən düşünmürəm. Bir daha qeyd etmək istəyirəm ki, Şimali Koreya məsələsinin bir yolla həlli var. Ona doğru gedib sonda geri çəkilirlərsə, bu da öz işləridir. Amma mən əminəm ki, yenidən həmin yola doğru qayıtmağa cəhd göstərəcəklər”.

Q.Hüseynli qeyd edib ki, Çin əvvəlcə ABŞ-a yardım edəcəyini, ən azı neytral qalacağını vəd etmişdi:

“Görünür, bu vəd reallıqda hələlik özünü doğrultmur. Rusiya da məsələyə dair neytrallığını bildirmişdi. Amma son zamanlar Moskva aqressiv bəyanatlar səsləndirməkdədir. Trampın əhval-ruhiyyəsinə bu da təsir edə bilər. Bir sözlə, Şimali Koreya ətrafında avtoritar ölkələrin alyansı formalaşıb ki, bu alyans da Yaponiya, Cənubi Koreya və ABŞ-ın razılaşdırdığı strateji xəttə təsir göstərə bilər. Amma bu da müvəqqətidir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər