- REAL-ın qurultayının mayın 28-də baş tutacağı deyilirdi. Qurultay nə vaxta təxirə salınıb?
- Mayın 28-də Respublikaçı Alternativ Hərəkatının qurultayının keçirilməsi barədə qərarımız yoxdur. Mayda qurultay keçirilməsi ilə bağlı niyyətimiz vardı, amma bizdən asılı olmayan səbəblərdən bu, baş tutmayacaq. İlin sonuna yaxın qurultay keçirməyi planlaşdırırıq. Hazırda strukturlaşma prosesi gedir və demək olar ki, tamamlanmaq üzrədir. Əsas məqsədimiz formal olaraq partiyaya çevrilmək deyil. Hədəfimiz strukturlaşaraq bütün bölgələrdə təmsilçilik qazanmaq, regional liderlər yetişdirmək, sağlam təməllər üzərində təşkilat qurmaqdır. Əldə etdiyimiz az imkanlardan istifadə edərək bütün bölgələrdə təmsil olunmaq şərtilə el məclisləri qururuq. Çünki proqramımızda ölkənin ellərə bölünməsi, rayonların birləşdirilməsi, idarəetmənin effektivləşməsi yer alır. 23 el məclisi olmalıdır, artıq 19-u tamamlanıb. Yay aylarında yerdə qalan el məclislərini quracağıq. Payızın sonunda ola bilsin qurultayımızı keçirək. Bir daha qeyd etmək istərdim ki, biz formallıq xatirinə qurultay keçirmək istəmirik. REAL normal və işlək mexanizmin qurulmasının tərəfdarıdır. Proses ləng getsə də, istədiyimiz kimi sağlam təməllər üzərində davam edir.
- Qurultaya dəvətlilər məsələsi ilə bağlı müxtəlif mövqelər ortaya qoyulur. Bir qrup siyasətçi hesab edir ki, qurultay yalnız təşkilat üzvlərinin iştirakı ilə baş tutmalıdır. Bir başqası düşünür ki, hakim partiya da daxil olmaqla ölkədəki bütün müxalif cameə qurultaya dəvət olunmmalıdır. Bəs Sizin yanaşmanız necədir?
- Ən böyük zallardan birində qurultay keçirməyi istəyirik. Hamını da dəvət edəcəyik. İstər Yeni Azərbaycan Partiyası, istərsə də müxalifət təşkilatları və xarici ölkələrin Bakıdakı səfirlikləri olsun, hər kəs qurultayımıza dəvətli olacaq. Qurultayda tam şəffaf seçkili orqanların formalaşmasını nümayiş etdirmək niyyətindəyik. Təbii ki, bunun üçün də böyük zala ehtiyac yaranacaq. Müraciət edəcəyik, imkanlarımız daxilində yer tapacağıq və rəsmi icazə verəcəklərsə, orada qurultay keçirəcəyik. Ölkədə ümumi ab-havanın yumşalmasına, müxalifətin rəqib mövqeyinə keçməsinə ehtiyac var. Bu nöqteyi-nəzərdən biz bütün partiyaları, o cümlədən YAP-ı qurultayımıza dəvət etməyi düşünürük.
- Özünüz partiya rəhbərliyinə namizəd olmağı düşünürsünüz?
- İlqar Məmmədov bu günədək fəaliyyəti və duruşu ilə partiyaya sədr olmağa ən layiqli namizəd olduğunu sübut edib. Çox güman ki, qurultayda partiya sədrliyinə namizəd İlqar bəy olacaq. Ancaq fərdi şəkildə kim namizədliyini verəcəksə, açıq və şəffaf şəkildə hamının namizədliyi səsverməyə çıxarılacaq, kim çox səs toplasa, o da sədr seçiləcək. Düşünmürəm ki, sədrlik məsələsində İlqar Məmmədovun rəqibi olsun. Amma partiya Məclisinin 60 nəfərdən ibarət üzvlüyünə də seçkilər olacaq ki, oradakı seçkilərin canlı keçəcəyini hesab edirəm. Məclis üzvləri sonradan İdarə Heyətini formalaşdıracaq. İdarə Heyəti də 15 nəfərdən ibarət olacaq. Bu mənada həm Məclisə, həm də İdarə Heyətinin üzvlüyünə seçkilər ciddi rəqabət şəraitində keçiriləcək. Şəxsən mənim heç vaxt partiya rəhbəri olmaq fikrim olmayıb. Bundan sonra da partiya rəhbəri olmağz maraq göstərəcəyimi sanmıram.
- REAL müxalif cameədə hansı siyasi təşkilatlarla müttəfiqlik və əməkdaşlıq münasibətlərinə malikdir?
- Həmişəki kimi yenə eyni fikirdəyik ki, bütün siyasi qüvvələr dialoq və qarşılıqlı hörmət çərçivəsində fəaliyyət göstərməlidir. Mövzu üzərində dialoq üçün qapılarımız hər kəsə açıqdır. Zaman-zaman da belə müzakirələrimiz olub. Amma hər hansı birlik modelində iştirak etməyi düşünmürük. Çünki Azərbaycanda birlik modellərinin iflasa uğradığını və bunun insanlarda xəyal qırıqlığı yaratdığını görmüşük. Birlik modelləri şəxslər üzərində deyil, ideyalar, dəyərlər və qırmızı xətlər üzərində olmalıdır. Bu günə qədər Azərbaycandakı bütün birlik modelləri dəyərlərdən kənar, şəxslər üzərində və yaxud şəxslərin şəxsi münasibətləri üzərində qurulub deyə effekt verməyib. Bu, siyasətdir, hər hansı dəyərlər yaxud ümumi maraqlar prinsipində iqtidarla və ya müxalifətlə dialoqa hazırıq. Bu məsələdə hər hansı problem görmürük. Ölkədə elə məsələlər var ki, orada iqtidarlı müxalifətli eyni mövqedən çıxış eləmək mümkündür. Məsələn, Qarabağ məsələsi və dünyəvilik mövzusunda iqtidarda olan siyasi qüvvələrlə də normal münasibətlərin qurulmasına zəmin var. Hamımızın arzumuz, istəyimiz, hədəfimiz eynidir ki, torpaqlarımız işğaldan azad olunmalıdır. Bilirəm ki, iqtidarda da dünyəvilik fikri çox önəmlidir, Azərbaycan dünyəvi dövlətdir. Bütün siyasi təşkilatlara açığıq. Sadəcə olaraq hər hansı birlik modellərində yaxın gələcəkdə iştirak etməyi düşünmürük.
- Müsavatla bir ara ciddi müzakirələr aparırdınız, deyəsən, keçirilən görüşlər nəticəsiz qaldı...
- Bu gün də görüşürük. Biz bütün siyasi qüvvələrlə müzakirələr aparırıq. Müsavatla bütün görüşlərin məğzi birlik modelinin yaranması deyildi. Baş tutan görüşləri hər hansı formatda ümumi problemlərlə bağlı mövqelərin dəqiqləşdirilməsi kimi dəyərləndirirəm. Bu gün də belə görüşə ehtiyac yaransa, yenidən istər Müsavat, AXCP, istərsə də Milli Şura ilə görüşüb müzakirə aparacağıq. Yenə də qeyd edim ki, bu günə qədər Müsavatla birlik modeli prinsipi olmayıb, sadəcə parlament seçkiləri dönəmində bir-birimizə mane olmamaq və imkan daxilində yardım göstərmək kimi ümumi razılığa gəlinmişdi. Bu, seçki dönəminə aid idi. Seçki bitdi, razılıq da bitdi. Ümumi prinsip və dəyərlərə görə hər kəslə görüşüb fikir mübadiləsi aparmağa hazırıq.
- Milli Şuranın REAL-A qarşı aqressiyasının olduğunu söyləmişdiniz, bu aqressiya davam edirmi?
- Son zamanlar bu aqressiya səngiyib. Çox təəssüf ki, Milli Şuradakı dostlarımız tənqidə çox aqressiv münasibət bəsləyirlər. Tənqidlə təhqiri səhv salırlar. Tənqid edəndə həmişə təhqir görürük. Bu, anormal situasiyadır. Özünü demokrat adlandıran, demokratik dəyərlərə inanan hər kəs tənqidə açıq olmalıdır. Bizim də çox səhvlərimiz olur, bəzi addımlarımız heç də həmişə hamıya xoş gəlmir. Bəzi müxalifətdəki dostlarımız istər iqtidara, istərsə də müxalifətə münasibətdə tənqidlə təhqiri qarışdırırlar. Bu da təəssüf doğuran haldır.
Nərgiz