XİN-dən Teleqraf.com-a verilən məlumata görə, BMT Baş Assambleyası tərəfindən 2016-cı ildə qəbul edilmiş qətnaməyə əsasən CERF-in illik büdcəsi 1 milyard dollara çatdırılmalıdır. Bununla əlaqədar, sözügedən görüşdə donor və yardım alan ölkələrin dövlət rəsmiləri, humanitar yardım agentliklərinin rəhbərləri və tanınmış ekspertlərindən ibarət olan Məşvərət Qrupunun üzvləri CERF-ə donor vəsaitlərinin daha effektiv şəkildə cəlb edilməsi məqsədi ilə donor ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, fondun vəsaitlərinin istifadəsi məsələlərini müzakirə edib və onun səmərəliliyinin artırılmasına dair BMT Baş katibinə təkliflər hazırlayıb.
Görüşdə BMT Baş katibinin təmsilçisi qismində Baş katibin yeni təyin olunmuş humanitar məsələlər üzrə köməkçi və fövqəladə hallar üzrə əlaqələndiricinin müavini, Almaniya vətəndaşı Ursula Müller də iştirak edib.
Qeyd edək ki, bu ay BMT Baş katibi Antonio Quterreş tərəfindən Britaniya vətəndaşı Mark Loukok Baş katibin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə əlaqələndirici vəzifəsinə təyin edilib. CERF öz fəaliyyətini fövqəladə hallar üzrə əlaqələndiricinin rəhbərliyi altında həyata keçirir.