25 May 2017 20:39
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanıb.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Həsənoğlu, sədr müavinləri Bəxtiyar Məmmədov və Anar Həsənovun Şimali Kiprin mədəniyyət və təhsil məsələlərinə cavabdeh olan Özdəmir Berova ilə görüşündə bununla bağlı müzakirələr aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı O.Həsənoğlu bildirib ki, AKDC-nin Azərbaycanın təbliği ilə bağlı planlarını reallaşdırmaq üçün Şimali Kiprin dəstəyinə ehtiyac var. AKDC sədri Şimali Kipr xalqı ilə Azərbaycan xalqının eyni milli-mənəvi və ortaq dəyərləri bölüşdüyünü vurğulayaraq bu iki xalqın bir-birinin tarixini yaxşı bilməli olduğunu dilə gətirib. Diaspor rəhbəri Ö.Berovadan Şimali Kipr məktəblərində bir günlük Azərbaycan tarixi dərsi keçilməsi üçün şərait yaradılmasını xahiş edib.

Ö.Berova isə bildirib ki, Şimali Kiprdə çox sayda azərbaycanlının təhsil alması və yaşaması sevindiricidir: “Biz iki qardaş xalqıq, ortaq milli dəyərlərimiz və ortaq tariximizin olması reallıqdır. Bu məqsədyönlü təklifinizi müsbət qarşılayırıq. AKDC yeni ideyalarla və öz işi ilə daim Şimali Kiprdə seçilib. Bu ideyanızı dəstəkləyirik”.

Görüşdə ölkə məktəblərində Azərbaycan tarixi dərsinin keçilməsi və dərsliklərə Azərbaycanla bağlı mövzunun daxil edilməsi məsələsinin yaxın vaxtlarda həllini tapacağı bildirilib. Sonda Ö.Berova Şimali Kiprdəki Azərbaycan diasporuna göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq olunub.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər