26 May 2017 22:54
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bu il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) birbaşa rəhbərliyi altında may ayının sonunadək intensiv şəkildə aparılan irimiqyaslı və əhatəli proses nəticəsində seçici siyahılarının yüksək keyfiyyətlə və dəqiqliklə hazırlanmasına nail olunub. Bu barədə MSK-dan Teleqraf.com-a daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, aşağı seçki komissiyalarının 30 mindən artıq üzvünün də cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, o cümlədən yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilib. Bütün proses boyunca MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line xidmət seçicilərin ixtiyarında olaraq, görülən işlərin səmərəliliyinin daha da artırılmasında əhəmiyyətli rol oynayıb. Siyahıların dəqiqləşdirilməsi zamanı informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi və texniki imkanları daha da təkmilləşdirilmiş xüsusi proqram təminatlarından geniş istifadə olunması dəqiqləşdirmə prosesinin effektiv həyata keçirilməsinə və siyahıların yüksək standartlara uyğun tərtib və çap olunması işinə mühüm töhfə verib.

Əvvəlki illərdə olduğu kimi bu il də seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirib, əlaqədar qurumlardan daxil olmuş məlumatlarla bir daha təhlil edərək aprelin 5-dək MSK-ya təqdim ediblər. Bundan sonra isə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayıb və orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsi ilə bir daha dürüstləşdirərək dəqiqləşdirmə prosesinə yekun vurub.

Mayın 26-da MSK üzvləri komissiyanın inzibati binasında 2017-ci il üzrə vahid seçici siyahılarının yenidən tərtib edilən variantı ilə tanış olublar. Diqqətə çatdırılıb ki, seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi prosesi fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. Yüksək texnoloji və interaktiv mübadilə imkanı siyahıların dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da intensivləşdirərək, seçicilər barədə ətraflı məlumatların toplanması, onların orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının ətraflı təhlil edilməsi, eləcə də seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.

Seçici siyahılarının çap edilməsi və saxlanması şəraiti ilə tanışlıq prosesinin ardınca Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2017- ci il üzrə seçicilərin daimi siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunları müzakirə olunub.

M.Pənahov bu ilin əvvəllərindən may ayının sonunadək həyata keçirilmiş əhatəli və genişmiqyaslı dəqiqləşdirmə prosesi barədə ətraflı məlumat verib və bu işdə aşağı seçki komissiyalarına lazımi köməklik göstərmiş bütün aidiyyatı qurumlara öz təşəkkürünü bildirib.

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunlarının geniş müzakirə edildiyi iclasda, MSK üzvləri yüksək texnoloji nailiyyətlərdən də geniş istifadə olunan dəqiqləşdirmə prosesində təkmilləşdirmələri və aşkar inkişaf dinamikasını xüsusi qeyd ediblər. Sonra komissiya 2017-ci ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə, eyni zamanda respublika üzrə seçicilərin daimi siyahısının rəsmi internet səhifəsində yerləşdirməklə ictimailəşdirilməsinə qərar verib.

Qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5163250 seçici daxil edilib ki, onların da 48,42 faizi kişi, 51,58 faizi isə qadınlardır.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər