3 İyul 2017 12:58
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada 193 ölkə var. Onlar BMT-nin üzvləridir. Bu ölkələrin forumu BMT-nin Baş Assambleyasıdır. Baş Assambleyadan başqa Təhlükəsizlik Şurasında 15 dövlət təmsil olunur. Onlardan 5-i veto hüququna malikdir. Yəni, bunlar əsas dövlətlərdir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

İyulun 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək “Böyük iyirmilik” sammitdən gözləntilərini bölüşən politoloq əlavə edib ki, 10 dövlət də iki ildən bir Təhlükəsizlik Şurasının üzvü olur: “Vaxtilə biz də Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü olmuşuq. Hamıya bəllidir ki, bu 193 ölkənin hamısının eyni səs hüququ, eyni fikir, eyni iradə haqqı yoxdur. Ona görə də iqtisadi, siyasi və hərbi cəhətdən 20 ən güclü dövləti seçiblər. Onların da arasından ən güclü 7 dövləti seçmişdilər. Rusiyaya hörmət elədilər, ipə-sapa yatan vaxtlarında onu dəvət elədilər, oldular səkkiz. Sonra Rusiya müəyyən məsələlərdə Amerikanın sözünə baxmadı, müstəqil siyasət yürütməyə başladı. Nəticədə Rusiyanı həmin tərkibdən çıxardılar. Bunlar qərar vermək hüququ olan dövlətlər deyil. Bəli, onlar güclü dövlətlərdir. Amma bu forumun əsas mahiyyəti odur ki, toplaşıb fikir mübadiləsi aparsınlar, hansısa ümumi xətt müəyyənləşdirsinlər. Hər il 7 ölkə toplaşır, müzakirələr aparırlar. Onlar öz aralarında onsuz da yekdildirlər. Nə üçün toplaşırlar, bilinmir. İndi “iyirmilik” çərçivəsində yığılırlar. Görsünlər ki, Rusiya itaət edərmi? Amma indiki vəziyyətdə Rusiya çətin itaət etsin, onların xəttini dəstəkləsin. Çünki ortada Rusiya hakim zümrəsinin müqəddəratı var. Rusiyanın kitabı çoxdan bağlanıb. Amma hakim zümrənin müqəddəratı var. Onlar dünya hakim zümrəsinə uyğunlaşa biləcəkmi? Onları tərəf müqabili kimi qəbul edəcəkmi, hörmət edəcəklərmi kimi məsələlər naməlumdur. Ona görə “G-20” toplaşır. Orda heç bir qərar qəbul edilə bilmirlər, sadəcə fikir mübadiləsi gedir. Görüşür, danışır, bir-birlərinin ağızlarını arayırlar. Bu görüş sadəcə Putinlə Trampın görüşməsi üçün bir fürsətdir”.

Z.Əlizadə qeyd edib ki, ”G-20”də güclü, varlı dövlətlərin başçıları toplaşıb fikir mübadiləsi aparacaqlar: “Orda heç bir qəti qərar qəbul edilməyəcək. Görüşəcəklər, danışacaqlar. Durub deyə bilməzlər ki, biz fiaskoya uğramışıq. Deyəcəklər ki, əşşi, pərt olmayın, fit çalın, hər şey yaxşıdır, doğru istiqamətə gedirik. Yavaş-yavaş hər şey düzələcək. Proses gedir. Ürəklərində də ümid edəcəklər ki, bəlkə nə vaxtsa nəsə düzələcək. Sammitin yekununda buna bənzər sözlər deyəcəklər”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər