20 İyul 2017 19:59
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu İran və Yaxın Şərqdə baş verən proseslərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Urmiya şəhərindən İran parlamentinə deputat seçilən Nadir Qazipur Məclisdə çıxışı zamanı hökuməti sərt tənqid edib, deyib ki, İran türkləri hökumətdə daha çox yer almalıdır. Əvvəlki illər İran Məclisində belə çıxışlar baş vermirdi. Bu baxımdan sizin qiymətləndirməniz necədir?

- Çox təqdir ediləsi, vacib məsələdir. Bu həm də İranda yaşayan türklərin doğal haqqıdır. Azərbaycan türkləri Güneydə əhalinin böyük əksəriyyətini təmsil etdiyi kimi, hökumətdə, başqa strukturlarda da təmsil olunmalıdır. Düzdür, diplomatik sahə istisna olmaqla digər sahələrdə azərbaycanlı türklər fəaliyyət göstərir. Lakin İran İslam cümhuriyyəti olsa da, Allahın verdiyi doğal haqqı insanların əlindən alır.

- İran parlamentində 110 azərbaycanlı türk millət vəkili təmsil olunur. Bu, kifayət qədər say demək deyilmi?

- Söhbət saydan, kəmiyyətdən deyil, həm də keyfiyyətdən gedir. Əlbəttə, dediyiniz qədər deputat var, lakin siz konkret bir millət vəkilinin adını çəkir, dedikləri haqda bizim mövqeyimizi öyrənirsiniz. Əslində, həmin deputat bir qədər əvvəl başqa söz də deyirdi. Lakin bütün hallarda millətin xeyrinə, haqq və ədalət naminə nə deyilirsə, bunlar təqdir edilməlidir. Sayın çox olması təmsilçilik demək deyil. Çox nadir halda deputat öz dilində söz deyir.

- Urmiyalı deputat elan edib ki, əgər hökumətin tərkibində azərbaycanlı türklərin sayı az olarsa, parlamentdə təmsil olunan 110 deputat hökumətə dəstək verməyəcək. İran reallığında bunu nə dərəcədə real sayırsınız?

- İncilin özündə ilk söz bilirsinizmi nədir? Yazır ki, başlanğıcda söz olmuşdu. Bütün əməllərin, fəaliyyətlərin öncəsi sözdür. Söz olur, sonra söz reallaşdırılır, yerinə yetirilir. Başlanğıcda söz olduğu üçün düşünürəm ki, bu söz əvvəl-axır bir fəaliyyətə çevriləcək. Ola bilsin ki, rəqəm o qədər olmayacaq, lakin gec-tez olacaq.

- Azərbaycan türklərinin İran idarəçiliyində təmsilçiliyinin az olmadığı haqda əks arqumentlər də var. Bu barədə deyilənləri doğru saymırsınız?

- Əlbəttə, türklər müxtəlif yerlərdə, strukturlarda təmsil olunur, lakin onlar milli kimliklərini dilinə gətirmirlər, bunu demirlər. Və ya qadağa qoyulduğu üçün deyə bilmirlər. Necə ki, bir zamanlar hümmətçilik məsələsi önəmli idi, bir dövrdə Türkiyədə insanlar özlərinə “osmanlı” deyirdi. İndi də “iranlı” deyirlər və s. Belə məsələlər var. Ancaq bu məsələ də qığılcıma bənddir. Məncə, bir zaman hər kəs milli kimliyi, haqq və ədalət uğrunda mübarizəsini aparacaq.

- Həsən Ruhani namizədliyini irəli sürərkən bəyan etdi ki, Urmiya gölü ilə bağlı problemi həll edəcək, başqa məsələlərlə bağlı verdiyi vədləri yerinə yetirəcək. Artıq İran prezident seçkilərinin keçirilməsindən 1 ay zaman keçir. Bu vədlər yerinə yetiriləcəkmi?

- Ortalığa güc qoyulanda bu vədlərin hamısı real iş olacaq. Güc və tələb olmayanda bu vədlər seçkiöncəsi kampaniya dövründə işə salınan, səs almaq üçün seçiciyə ünvanlanan taktika olacaq. Ortaya konkret mövqe və istək qoyulanda vədlər reallığa çevriləcək. Urmiya gölü ilə bağlı, türklərin hüquqları haqqında deyilənlər söz olaraq qalmayacaq. Lakin hazırda verilən vədlər sadəcə olaraq sözdür.

- Siz, İranda olmusunuz?

- Bəli, olmuşam. Daha doğrusu, 1994-cü ildə İraqa səfərə getmişəm. O zaman İrandan keçmişəm.

- İndi ABŞ-ın yeni administrasiyası İrana qarşı sanksiyalar tətbiq edir, Tehranla ritorik dildə danışır. Yaxın Şərqdə yaşanan hadisələr də məlumunuzdur. Yaxın dövr üçün İrandaxili və ətrafı proseslər hansı istiqamətdə gedə bilər?

- Amerikada hakimiyyət dəyişiklikləri zamanı kimin dövründə belə olmayıb ki, ancaq Trampın zamanında olub? Yəni bu münasibət hər zaman olub. Siz tarixə diqqət etsəniz, görərsiniz ki, ABŞ-da bütün yeni prezidentlər zamanı belə anti-İran mövqeyi olub. Ən azından bu proses 1979-cu ildən bu yana davam edir. Lakin nəzərə alın ki, bu zaman ABŞ-ın strateji hədəfləri, maraqları və mənfəəti əsas götürülür. Qalan məsələlər arxa plana keçir.

Məsələn, BMT-nin təsis olunması zamanı ilk iclasında Azərbaycan məsələsi gündəliyə daxil olan məsələlər sırasında idi. Baxın görün indi BMT-nin neçə illiyi qeyd edilir? Ancaq hələ də BMT Azərbaycan məsələsinə baxmır. Əgər, bu məsələ aktuallıq kəsb etsə, dərhal gündəmə gələcək və deyiləcək ki, baxıldı. O cümlədən dünyanı idarə edən güclərdən biri kimi Amerikanın özündə bu məsələ yalnız ABŞ-ın mənafeyi, strateji məqsədləri baxımından önəmlidir. Bu istək tələb edəcəksə, Yaxın Şərqdəki məsələlər kimi olacaq. Hazırda istək olmadığı üçün söz müharibəsi gedir.

- Ancaq İran daxilində mühafizəkar və islahatçılar arasında mübarizənin getdiyi də deyilir...

- Dünən biri prezident olur, bu gün başqası. Beləcə Rəfsəncani, Əhmədi Necat, Həsən Ruhani sıra ilə davam edirlər və s. Guya ki, biri mühafizəkar, digəri radikal, başqa biri müharibə istəyir və s. Əslində isə bütün bunlar siyasətdir. Odur ki, indi Yaxın Şərqdə asayiş söhbəti yoxdur.


Müəllif: Nemət

Oxşar xəbərlər