Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Avropa İttifaqının Rusiyaya yönəlik son addımlarını şərh edərkən qeyd edib.
O xatırladıb ki, ABŞ Konqresi Rusiyaya qarşı sərt sanksiya qəbul etdikdən sonra Avropa İttifaqı buna qarşı çıxdı və Brüssel “Vaşinqton istəyir deyə, biz Rusiya ilə iqtisadi əlaqələrə son verə bilmərik və sanksiya qərarını yanlış hesab edirik”,- kimi bəyanat verdi.
Elxan Şahinoğlu qeyd edib ki, Aİ bu bəyanatdan iki gün sonra Rusiyaya qarşı sanskiyanı sərtləşdirdi, sənədə yeni şəxslərin və şirkətlərin adını əlavə etdi:
“Hər şey Almaniyanın məşhur Siemens konserninin kontrakt əsasında Rusiyanın Krasnodar vilayətində tikilən obyektə göndərdiyi 4 turbindən sonra başladı. Sən demə, Rusiyanın müvafiq nazirliyi Almaniya konsernini aldadaraq həmin turbinləri Krımdakı oxşar tikintiyə göndərib. Siemens məsələdən xəbər tutan kimi turbinləri geri tələb edib. Şirkətin niyə belə etdiyi aydındır, işğal altındakı Krım sanksiyalar altındadır və bilinsə ki, hansısa Avropa şirkətinin birbaşa və dolayı yollarla yarımada ilə əməkdaşlığı var, həmin şirkətə də sanksiyalar tətbiq olunacaq. Ona görə də şirkət özü baş verən hadisə barədə Avropa İttifaqının qurumlarına xəbər verib və bundan sonra Brüssel keçmişdə qəbul etdiyi sanskiyaya yeni isimləri əlavə edib. Bundan sonra Avropa hansı əsasla Amerikaya deyəcək ki, sən Rusiyaya qarşı sanksiyanı sərtləşdirməklə düz etmirsən? Krımla bağlı son olay bizə nümunə ola bilər. Şübhə etmirəm ki, işğalçı Ermənistan da Avropanın müxtəlif şirkətlərindən aldığı avadanlıqların bir hissəsini Dağlıq Qarabağa ötürür, sadəcə bir çoxundan xəbərimiz yoxdur. Avropa İttifaqının Krımdan fərqli olaraq Dağlıq Qarabağla bağlı sanksiya qərarı olmasa da, Brüssel Azərbaycanın ərazi bütövlüyünü tanıdığından öz şirkətlərinə Krımla yanaşı digər separatçı bölgələrdə fəaliyyətini də qadağan etməlidir”.
Politoloqun fikrincə, bu məsələdə separatizmdən əziyyət çəkən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna səylərini birləşdirərək Brüsseldən işğal altındakı torpaqlarla bağlı xüsusi qətnamənin qəbulunu istəyə bilərlər:
“Yəni hər hansı Avropa şirkəti bilməlidir ki, Ermənistan onu aldadaraq avadanlıqlarını Dağlıq Qarabağa göndərərsə, bu, ona baha başa gələcək. Ancaq bunun məhz belə olması üçün müttəfiqlərlə birgə işləmək və Avropaya daha yaxın olmaq lazımdır”.