“Bu milli azlıq təşkil edən müsəlmanlardan ibarət qrupdur. Lakin onların sayı kifayət qədər çoxdur. Uzun illərdir ki, bu milli azlıq öz hüquqlarının tapdalanmaması, dini əqidələrinə zərbə vurulmaması və tam hüquqlu vətəndaşlıq səviyyəsinə çatmaq, öz hüquqlarından istifadə etmək uğrunda mübarizə aparır. Lakin hökumət onları separatçılıqda ittiham edir, hətta onlara qarşı silahdan istifadə edilir. Yüzlərlə müsəlman öldürülüb”.
Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Myanmarda müsəlmanların kütləvi öldürülməsini şərh edərkən deyib.
Politoloq əlavə edib ki, hazırda Myanmar dövlət başçısı olan xanımın özü vaxtı ilə insan hüquqlarının müdafiəçisi olub, iyirmi ilə yaxın həbsdə olub: “Hətta vaxtı ilə ona Nobel mükafatı verilib. İndi müsəlmanları qıran bu xanım prezidentdir. Çünki onlar hesab edirlər ki, müsəlmanlar “separatçılıqla” məşğul olduğu üçün onları qırmaq, imkan verməmək lazımdır ki, ölkəni dağıtsınlar. Halbuki belə bir hal yoxdur. Sadəcə milli azlıqda olan müsəlmanlar öz hüquqları uğrunda mübarizə aparır. Onlar nə hakimiyyətə gəlmək, nə də dövləti devirmək istəyir. Müsəlman azlıq digər xalqlara qarşı mübarizə aparmaq niyyətində də deyil. Onlar elementar hüquqlarının olmasını istəyirlər”.
Mütəxəssis qeyd edib ki, burada üçüncü üzücü məqam da var: “Hazırda Myanmarda müsəlmanların öldürülməsi, öz yurd-yuvalarından edilməsi prosesi yaşanır. Çox təəssüflər olsun ki, aparıcı dünya dövlətləri bu hala biganəlik nümayiş etdirir. Guya Myanmar dövlət başçısı keçmiş insan haqları müdafiəçisi olub, demokratik insandır. Ona görə, bu hala göz yumulur. Bəlkədə orada öldürülənlər müsəlmanlar olmasaydı bu aparıcı dövlətlər özlərini indiki kimi aparmazdı. Əksinə, ayağa qalxar, dərhal sanksiyalar haqqında danışar, təzyiqlərə başlayardı. Hillari Klinton ABŞ dövlət katibi olarkən Myanmara səfər etmişdi, xanım prezidentlə görüşdü, onun haqqında yüksək ifadələr işlətdi. Baxın, indi müsəlmanları qırmaqda həmin hakimiyyəti kimsə günahlandırmır. Görünür, bu məsələdə dini amildə güclü rol oynayır. Bu kompleks səbəbləri Myanmar hakimiyyətinin müsəlmanlara qarşı amansız hərəkət etməyə, onları qırmaq üçün gözəl şərait yaradır”.
Fikrət Sadıqov əlavə edib ki, indi Myanmrada öldürülən və pis vəziyyətə salınan müsəlmanların halına yalnız Türkiyə yanır: “Ankara son günlər bu məsələdə aktiv addımlar atır, bəyanatlar verir. Mən hesab edirəm ki, İslam Konfransı Təşkilatı təcili toplanıb müzakirəyə başlamalıdır. Bəlkə də, bunu BMT-nin sessiyasının gündəminə çıxarmaq lazımdır. Yəni müsəlman dövlətləri bu hərəkəti ciddi qəbul edərək bunun qarşısını almalıdır. Bu ölkələr Myanmar hökumətinə etirazlarını bildirməli, bu məsələni gündəmdə saxlamalıdır. Amma hələlik bu müşahidə edilmir. Yalnız Türkiyə bunu edir. Məncə, Ankara bunu daha güclü şəkildə etməlidir”.