Sentyabrın 24-də Almaniyada Bundestaq seçkiləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, seçkilərdən tam fərqli bir Almaniya çıxacağı ehtimalı gündən-günə güclənir. Bəzi ekspertlər bu seçkilərdən sonra Almaniyanı ağır günlərin gözlədiyini bildirir.
Rəy sorğuları nəticələr barədə təxmini mənzərə yaradıb.
Görünən odur ki, mühafizəkar Xristian Demokrat Partiyası seçki qutularından qalib çıxacaq və Angela Merkel yenidən Almaniya kansleri postunu qazanacaq. Belə olsa, Merkel tarixə ən uzunmüddətli kansler olan siyasətçi kimi düşəcək.
Sosial Demokrat Partiyası isə əksinə, səslərinin çoxunu itərəcək. Hazırda kimə səs verəcəyini müəyyən etməyən seçicilərin sayı ümumi seçicilərin 15 faizi qədərdir.
Miqrantların, islamın əleyhdarı kimi tanınan sağ partiya - Alternativ Almaniya Partiyasının nə qədər səs alacağı isə sosioloji sorğularda müxtəlif cür əksini tapıb. Bir sorğuya görə, partiya Bundestaqa çoxlu sayda deputatla daxil olacaq. Bu, faktiki olaraq partiyanın zəfəri deməkdir.
Maraqlı məqamlardan biri də odur ki, bu seçki kampaniyasında alman iqtisadiyyatı, əmək haqlarının azlığı, sosial məsələlər partiyaların platformalarında öndə olmayıb.
Televiziyada keçirilən seçki debatları zamanı xanımlar partiya liderləri və namizədlərə daha çox bir sualı veriblər: “Qaçqın axını ilə ölkədə gender balansı pozulub. Çünki gələn qaçqınların çoxu kişilərdən ibarətdir. Qaçqın axınından sonra qadınlara təcavüz artıb. Bu problemlə necə məşğul olacaqsınız?”
İş ondadır ki, 16 federal ərazinin 13-nün məclisində təmsilçilik əldə edən Alternativ Almaniya Partiyası qaçqınlarla bağlı narahatlıqdan məharətlə istifadə edir. Artıq millətçi ritorika Almaniyada adi hala çevrilir.
Məsələn, partiya lideri Aleksander Qauland bəyan edib ki, alman əsgərinin iki dünya müharibəsində göstərdiyi qəhrəmanlıqla qürurlanmaq alman xalqının haqqıdır.
Millətçi partiyanın namizədi olan Björn Hock isə Berlindəki yəhudi soyqrım abidəsini utanc abidəsi adlandırıb.
Sosial Demokrat Partiyasının katibi Hubertus Heil Alternativ Almaniya Partiyası haqqında “Biz sağ populist partiyadan danışmırıq, bunlar çox sağçı ekstremistlərdir”, - deyə bəyanat verib.
Hazırda Alternativ Almaniya Partiyasının Bundestaqa daxil olması məsələsi müzakirə edilmir. Bu partiyanın hansı sayda deputatla parlamentə girəcəyi haqqında danışılır.
Ehtimallara görə, Almaniya Altervativ Partiyası Bundestaqa daxil olduqdan dərhal sonra xalqa soruşmadan qapıları qaçqınların üzərinə açan kansler Angela Merkel haqqında Bundestqada araşdırma komissiyası qurulması üçün çalışacaq. Ancaq bu cəhdlərin uğur qazanacağı çətin görünür. Çünki Merkel kifayət qədər güclü və dəstəyi olan siyasətçidir.
Ancaq Almaniya Alternativ Partiyası Bundestaqda mövcud olan vəziyyəti dəyişmək, almanların diqqətini çəkmək üçün aktiv fəaliyyətini davam etdirəcək.