2 Noyabr 2017 08:57
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada sollarla sağlar arasında ciddi daxili siyasi mübarizə gedir. “İndependent”in sorğusuna görə, ABŞ cəmiyyətinin yarısının Prezident Trampın impiçment edilməsini istəməsi də bu mübarizə ilə əlaqələdir. “İndependent” solçu qüvvələrə yaxındır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Trampın yaxın ətrafında həbslərin aparılması, prezidentin özünün impiçment edilməsi haqda ictimai rəyin yaradılması, bu məqsədlə hətta petisiya açılmasını şərh edən DİP sədri, deputat Asim Mollazadə deyib.

A.Mollazadə qeyd edib ki, Prezident Trampın impiçment olunması üçün ciddi əsaslar tələb olunur:

“Bunun üçün prezident konkret cinayətdə ittiham edilməlidir. Ancaq Trampa qarşı belə ittihamlar mövcud deyil. İmpiçment nəzəri olaraq mümkündür. Hazırda ABŞ-da sağ və sol qüvvələr arasında ciddi mübarizə gedir. Bu mübarizənin əsasını isə qarşıdan gələn yeni Konqres seçkiləri təşkil edir. Prezident seçkilərində məğlubiyyətə uğrayan Demokratlar Partiyası Konqres seçkilərində qalib çıxmaq istəyir. Yəni burada biz daxili siyasi mübarizənin təzahürlərini görürük”.

“Rusiya izi” istintaqı çərçivəsində Prezident Trampa yaxın olan bəzi şəxslərin həbs edilməsinə gəldikdə, müsahibimiz bildirib ki, bu haqda müəyyən məlumatlar var:

“Ancaq unutmayaq ki, Klintonun məktubları ilə bağlı istintaq yenidən bərpa edilir. Bu, siyasi mübarizənin hüquq müstəvisində aparılan davamıdır. Məncə, proses bir müddət davam edəcək”.

A.Mollazadə Prezident Trampın NBS, CNN, “Vaşinqton-Post”, “Nyu York Tayms” kimi media qurumları ilə vuruşmasının görüntü olduğuna, əslində, mübarizənin dərinliklərində vəziyyətin fərqliliyinə diqqət çəkib:

“Söhbət ondan gedir ki, sol media güclüdür. Əslində, sağ media Trampı dəstəkləyir. Sol media isə Trampın rəqiblərini müdafiə edir. Beləcə, media sahəsində də ciddi qarşıdurma müşahidə edilir. Qeyd edim ki, bu, ABŞ-ın daxili siyasi ənənələrindən doğur. Belə hallar ABŞ-da dəfələrlə olub”.

A.Mollazadə qeyd edib ki, Trampın yaxın ətrafında həbslərin aparılmasını gözləmir:

“Əksinə, mümkündür ki, həbs edilən iki şəxs sonda məhkəmə qərarı ilə azad edilsin. Yəni bu ehtimal da mövcuddur. ABŞ-ın hüquq sisteminin müəyyən üstünlükləri mövcuddur. Proseslərin hansı dərinliklərə qədər davam edəcəyi haqda konkret fikir söyləmək hələ tezdir”.

Sonda A.Mollazadə deyib ki, ABŞ-da rəqabətdə olan tərəflərin əsas hədəfi Konqres seçkiləridir:

“Burada bir mühüm məsələ əhəmiyyətlidir. Son zamanlar ABŞ-da ciddi iqtisadi artım müşahidə edilir. ABŞ hakimiyyətinin vergiləri azaltması, iş adamlarına əlavə dəstək proqramları və digər addımları müəyyən qədər nəticə verir. ABŞ seçkilərində isə nəticəni xaricə hesablanan siyasət deyil, daxili iqtisadi, maliyyə məsələləri həll edir. Proseslərin necə davam edəcəyini bir qədər də müşahidə etmək lazımdır”.

Qeyd edək ki, ABŞ siyasi elitası hazırda çalxalanır. “Rusiya izi” məsələsinə görə Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafort və onun tərəfdaşı Rik Geyts barəsində ev dustaqlığı qərarı verilib.

“İndependent” isə yazır ki, Public Policy Polling (PPP) firmasının keçirdiyi son rəy sorğusuna görə, amerikalıların yarısı Prezident Donald Trampın impiçmentini dəstəkləyir.

Bu arada bir milyonadək amerikalı, milyarder Tom Steyerin başladığı petisiyaya qoşulub. Petisiyada Trampın dərhal impiçment edilməsi tələb olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər