Xarici İşlər naziri Elmar Məmmədyarov Efiopiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Mulatu Teşome ilə görüşüb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, M.Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha yuxarı müstəviyə qaldırmaq üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
O, çoxsaylı efiopiyalı tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolu oynaya biləcəyini deyib.
E.Məmmədyarov minlərlə afrikalı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını, ölkəmizin bu sahəsində Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ali təhsil müəssisələrimiz, o cümlədən xarici tələbələr üçün əlverişli təhsil imkanları barədə məlumat verib.
Efiopiyanın Afrika qitəsində, eyni zamanda Afrika İttifaqı təşkilatında əhəmiyyətli mövqeyinə toxunan E.Məmmədyarov, ölkəmizin Efiopiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Nazir ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
E.Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr, habelə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıb. Nazir həmçinin, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək ölkəmizin ədalətli mövqeyini M.Teşomenin diqqətinə çatdırıb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması yolları, habelə kommunikasiya və logistika sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.