12:03
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gedib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.
***
13:11
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.
Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.
Prezident İlham Əliyevə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.
Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.
Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.
Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı görüşdə nitq söyləyib.
Sonra Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Xalq Artisti Pərvanə Qurbanova çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
***
13:31
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.
Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.
Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.
Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.
***
13:54
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.
Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitness zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb.
Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.
Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.
***
14:14
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verdi.
Teleqraf.com-un xəbərinə görə, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə - tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.
“Bazar Store” MMC-nin “Grand Qafqaz” Ticarət Kompleksində iri və xırda buynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.
Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub.
***
14:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdirilir. Bu məqsədlə Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzey yaradılıb. Mirzə Şəfi Vazeh 1794-cü il iyunun 14-də Gəncədə anadan olub. Erkən yaşlarından poeziyaya böyük həvəs göstərən Mirzə Şəfi Vazeh mədrəsədə dinin əsaslarını öyrənib, burada təhsilini başa çatdırdıqdan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanıb. Ərəb və fars dillərini öyrəndikdən sonra Şərqin bir çox klassiklərinin yaradıcılığı ilə yaxından tanış olub. Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik edən Şəfi sonralar Vazeh təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazaraq bu dillərin poeziya ənənələrini inkişaf etdirib. Şair öz əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olub. Şair sonradan yaradıcılığını Tiflisdə davam etdirib. O, 1820-ci illərdə Gəncədə yaratdığı “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini 1844-cü ildə Tiflisdə yenidən bərpa edib. Həmin dövrün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. O vaxt Qafqaza gəlmiş alman şairi və şərqşünası Fridrix fon Bodenştedt də sözün həqiqi mənasında mədəniyyət və ədəbiyyat ocağı olan, Qərbi Avropa, rus və Azərbaycan poeziyasını özündə birləşdirən “Divani-Hikmət” məclisinə gəlir, burada Vazehdən fars və Azərbaycan dili dərsləri alırdı. Vazehdən Şərq dilləri dərsi alan Bodenştedt Almaniyaya qayıtdıqdan sonra şairin şeirlərini tərcümə edərək nəşr etdirir. Onun tərcüməsində Mirzə Şəfi Vazehin şeirləri dünya şöhrəti qazanır. Bir sözlə, milli poeziyamızın klassiki Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutur.
Dövlət başçısına muzeydə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, şəhərin “Gülüstan” ərazində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
Diqqətə çatdırılıb ki, muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada, həmçinin Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında ulu öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərar və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamı da nümayiş olunur. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan “Divani-Hikmət” ədəbi məclisinə aid xüsusi guşə yaradılıb. Qeyd edək ki, bu ədəbi fəlsəfi məclisin üzvləri arasında Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Molla Abdulla, Mirzə Mehdi Naci, Mirzə Yusif Vidadi, maarifçilərdən Eristavi, Çavçavadze, Qriqoriyev ilə yanaşı, alman şərqşünasları Bodenştedt, Adolf Berje və başqaları var idi. Məclisdə ədəbi-irfani-fəlsəfi mübahisələr, təhlillər aparılır, yaxşı şeir yazmaq uğrunda yarışlar keçirilir, diqqət çəkən hər hansı bir şeirə bənzətmələr yazılır, yeni fikirlər formalaşırdı. Vazeh “Divani-Hikmət” ədəbi məclisinin yığıncaqlarını canlı fəlsəfi diskussiyalar formasında keçirirdi.
Bildirilib ki, muzeyin ikimərtəbəli binasında sərgi və konfrans zalları, inzibati otaqlar yaradılıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər, həmçinin mütəfəkkirin 220 illik yubileyi ilə bağlı Gəncə nəşrləri nümayiş olunur.
Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondu da Mirzə Şəfi Vazehlə bağlı 2007-2015-ci illər ərzində müxtəlif kitablar nəşr etdirib. Dövlətimizin başçısına məlumat verildi ki, Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 2014-cü ildə Azərbaycana gətirilib. Həmin kitablar muzeydə sərgilənir.
Bütün bunlar onu deməyə əsas verir ki, Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadıb və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs yaradıb. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur. Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun Şərq və Qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.
Məlumat verilib ki, muzeyin yerləşdiyi parkın ərazisi 2 hektardır. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub. Parkın ərazisində yaşıllıq salınıb, dekorativ gül kolları əkilib, 2 fəvvarə quraşdırılıb. Bir sözlə, parkda sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parka gələnlər görkəmli maarifçi Mirzə Şəfi Vazeh barədə ətraflı məlumat da əldə edə biləcəklər. Parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.
***
15:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.
Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.
Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektar olan park şəhərin “Gülüstan” yaşayış massivindəki Əziz Əliyev prospektində yerləşir. Bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb. Parkın ərazisində yaşıllıq zolaqları salınıb, dekorativ gül kolları əkilib, geniş abadlıq-quruculuq işləri görülüb. Burada dörd fəvvarə quraşdırılıb.
Yeni istirahət məkanında sakinlərin, eləcə də uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bundan başqa, parkda idmanla məşğul olmaq üçün imkanlar var. İstirahət guşəsində 25 ədəd müxtəlif idman qurğusu quraşdırılıb və mini futbol meydançası inşa edilib. Parkın ərazisinə dekorativ hasar da çəkilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.
Teleqraf.com-un xəbərinə görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib. Bildirilib ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni-Gəncə” hava xətləri 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.
Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Dövlət başçısı yarımstansiyanı işə salıb.
Ümumilikdə son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin xidməti ərazisində elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə 35 kV-luq “Nizami” yarımstansiyası inşa olunub, şəhər ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6 kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr yeraltı kabel və Gəncə şəhərində 4 kilometr 110 kV-luq, 2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə yaxın abonent xətti özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi, eyni zamanda, 4211 sayğac quraşdırılıb. Ən son texnologiyalara əsaslana bu cür layihələr həm Gəncədə, həm də digər bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.
“Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb.