Moskva Gürcüstanın separatçı Abxaziya regionundan keçən Rusiya-Ermənistan dəmiryol xəttini işə salmaq üçün Tiflisə təzyiq edir.
Bunu Teleqraf.com-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, bu dəmiryolu 1991-93-cü illərdə gürcü-abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb:
“Ermənistan hakimiyyəti bir neçə ildir Gürcüstan hakimiyyətindən bu dəmiryolu xəttinin açılmasını xahiş edir. Çünki bu dəmiryolu vasitəsilə Ermənistanla Rusiya arasında birbaşa nəqliyyat əlaqəsi yaranır və nəqliyyat blokadası yarılır. Bununla da Rusiyadan hərbi təyinatlı yüklərin Ermənistana dəmiryolu ilə daşınması reallaşır”.
M.Əsədullazadə qeyd edib ki, Azərbaycan uzun illərdir Ermənistana tətbiq etdiyi nəqliyyat blokadasının bir sahəsinin aradan qaldırılmaq təhlükəsi ilə qarşılaşıb:
“Mixail Saakaşvilinin hakimiyyəti dövründə Abxaziyadan keçən dəmir yolunun açılması mövzusu demək olar ki, qapadılmşdı. Bundan əlavə, 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsindən sonra Kremlin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə Rusiya-Ermənistan dəmiryolunun birləşməsi gündəlikdən çıxmalı idi. Görünür, “boz kardinal” Bidzina İvanişvili çox ciddi siyasi xətalara yol verir.
Rusiya öz hərbi qüvvələrini Cənubi Osetiya və Abxaziya ərazisində gücləndirməklə bu ölkənin hissə-hissə işğalını davam etdirir. Abxaziya dəmiryolunun qapadılmasında Gürcüstan hakimiyyətinin Azərbaycan qarşısında xüsusi öhdəliyi də mühüm rol oynayır. Bu öhdəliyə görə, Azərbaycan Gürcüstana böyük investisiya yatırıb və neft-qaz məhsullarını dünya bazar qiymətindən aşağı qiymətə satır.
Rusiyanın Gürcüstanda əsas adamı Bidzina İvanişvili, onun kölgəsində olan Gürcüstan hakimiyyəti avrointeqrasiya siyasəti yürütsə də Moskva ilə bir sıra sahələrədə danışıqlar aparır. Məhz bu danışıqların nəticəsidir ki, Gürcüstan hakimiyyəti Abxaziyadan keçən dəmiryolunun açılması istiqamətində Rusiya ilə danışıqlara başlayıb”.
Politoloq bildirib ki, rəsmi Tiflis bu dəmiryolunun açılmasına razılıq verməklə bir sıra strateji səhvlərə yol verir:
“Birincisi, Gürcüstan hakimiyyəti öz ölkəsinin ərazi bütövlüyünü şübhə altına alır. İkincisi, sepatçı Abxaziyanı müstəqil subyekt kimi qəbul edir, bununla da beynəlxalq miqyasda Abxaziyanın tanınmasına şərait yaradır. Üçüncüsü, Rusiyanın təzyiqləri qarşısında ölkəsinin suverenliyini və hakimiyyətinin müstəqilliyini şübhə altına qoyur. Dördüncüsü, Azərbaycanın bu qədər dəstəyinə rəğmən, ölkəmiz əleyhinə addım atır”.
M.Əsədullazadə qeyd edib ki, Rusiya Abxaziya dəmiryolunun açılmasına nail olarsa, Ermənistanın Gümrü rayonunda dislokasiya olunmuş 102 saylı hərbi bazasını möhkəmləndirəcək və Ermənistana rahat şəkildə silahların göndərilməsini həyata keçirəcək:
“Bu dəmiryolu istifadəyə verilərsə, strateji tərəfdaşımız olan Gürcüstan hakimiyyəti Qarabağın işğalda qalmasında rol alacaq. Gürcüstan hakimiyyəti öz ərazi bütövlüyünə hörmət etmirsə, təbii ki, Azərbaycanla da bağlı oxşar addımdan çəkinməyəcək. Azərbaycan bununla bağlı Tiflislə ciddi danışıqlar aparmalı, dəmiryolu işə başlayarsa, öz investisiya lahiyələrini Gürcüstandan çıxarmalıdır. Rusiya isə bu yolu açmaqla Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır. Həmçinin, regiona hərbi nəzarəti gücləndirməyi planlaşdırır”.
Qeyd edək ki, noyabrın 16-da Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib. Müzakirələrdə Rusiya tərəfini Xarici İşlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya respublikaları arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu olub.