Biz nə Avropanın qanunlarını tətbiq etməli, nə də Şərqin qanunlarından ikiəlli tutmalıyıq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentdə Cinayət Prosessual Məcəlləsində dəyişikliklərə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, atılan hər yeni addım ölçülüb biçilməlidir: “İndi burada qanun layihəsi haqqında ən çox çıxış edən həmkarlarımız elə komitədə bu layihəni müzakirə edən deputatlardır. Əslində həmkarlarımız bu layihəni komitədə müzakirə edib bura göndəriblər. Digər deputatlar da fikir bildirməlidir”.
Deputat qeyd edib ki, vətəndaş görəndə ki hüquq-mühafizə orqanları cinayət törədən şəxslərə qatrşı addım atır, bu zaman təskinlik tapır:
“Lakin müvafiq addım atılmayanda vətəndaşın özü bu addımı atmaqda maraqlı olur. Bir adam bir evi 5 adama satır, evi almaq üçün insanlar müəllim, həkim işləyib neçə il pul yığır, həmin pulu mənimsəyənə isə 8- 9 il cəza verilir. Belə olan halda biz zərərkən vətəndaşın hüququnu necə müdafiə edəcəyik? Xarici ölkələrin bu sahədə təcrübəsi var. Məsələn, bir adam digərinə qəza nəticəsində ziyan vurur. Ziyan verən vətəndaş 5 gün işləyib vurduğu maddi ziyanı ödəyir, həftəsonu isə həbsxanada olub cəzasını çəkir. Biz də bu sistemə keçməliyik. Hesab edirəm ki, bu qanun layihənin üstündə ciddi işlənilməlidir və yenidən təqdim edilməlidir”.
Deputat Rüfət Əliyev isə Siyavuş Novruzovun fikirlərini dəstəkləyərək, ev alqı-satqısı işlərinin Asan Xidmətə həvalə edilməsini təklif edib.