6 Dekabr 2017 09:23
3 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Yəməndə baş verən proseslər, sabiq prezident Abdullah Salehinin öldürülməsi, İranın ərəb coğrafiyasındakı davranışları, ABŞ-da Rza Zərrabla ba]l; məhkəmə prosesi və onun Türkiyəyə mümkün təsirləri mövzusunda siyasi şərhçi, “Ayna-Zerkalo” qəzetinin baş redkatoru Elçin Şıxlı ilə müsahibəni təqdim edir.

- Elçin bəy, Yəmənin sabiq prezidenti Abdullah Salehi dünən öldürülüb, ölkədə vətəndaş müharibəsi davam edir. Bu müsəlman ölkəsində baş verənləri necə qiymətləndirmək olar?

- Ümumi tendensiya var. Abdullah Salehi uzun illər, səhv etmirəmsə, 34 ilə yaxın hakimiyyətdə olub. Bu müddətdə də camaatı bezdirib. Həm də nəzərə alaq ki, bu, ərəb coğrafiyasında birinci hal deyil. Məsələn, Liviyada Qəzzafini də bu cür öldürdülər. Eləcə də İraqda Səddam Hüseynlə bağlı təxminən oxşar proses baş verdi. Misirdə Hüsnü Mübarəklə bağlı olaylar nisbətən mədəni formada başa çatdı. Bütün bunlar onu göstərir ki, müsəlman ölkələrində idarəçilik normal vəziyyətdə deyil. Xristian ölkələrinin heç birində belə durum yoxdur. Fikir verin, Angela Merkelin partiyası dördüncü dəfə ən çox səs toplayan təşkilat oldu, amma iki aya yaxındır ki, hökumət qura bilmir. Yəni seçkidə qalib gəlib, amma kansler ola bilmir. İndi Merkelin iki yolu var: ya istefaya getməlidir, ya da yeni seçkilərə. Fərq budur.

- Ancaq Abdullah Salehi 2012-ci ildə prezidentlikdən istefa vermişdi və Yəməndə hakimiyyət uğrunda mübarizəyə 2014-cü ildə başlamışdı. Üstəlik Yəmən İran və Səudiyyə Ərəbistanı arasında poliqona çevrilib...

- Siz dediklərinizi anlayıram, amma bunlar baş verənlərin nəticəsidir. Söhbət isə bu nəticəyə gətirib çıxaran səbəblərdən getməlidir. Səbəb pis idarəçilik, demokratiyanın olmaması, qanunların işləməməsidir. Yəməndə normal idarəçilik, qanunların aliliyi təmin edilsəydi nə İran, nə də Səudiyyə Ərəbistanı bu ölkəyə daxil ola və proseslərdə iştirak edə bilməzdilər. Münbit şərait olmasa, kənardan kimsə heç nə edə bilməz. Ancaq Yəməndə kənar müdaxilə üçün belə şərait mövcud idi. Çünki müsəlman ölkələrində biri kreslodan yapışdısa, ondan əl çəkmək istəyi olmur.

- Yəməndə daxili vətəndaş müharibəsi nə qədər davam edəcək?

-Hesab edirəm ki, hələ davam edəcək. Yəni uzunmüddətli proses olacağı ehtimalı güclüdür. Biz gördüyümüz odur ki, bu ölkələrdə proses başladısa, bitmək bilmir. Liviyada hələ də vətəndaş müharibəsi davam edir. Suriya kimi abad ölkə darmadağın olub, müxtəlif qüvvələrin daxildə dəstəklədiyi qruplaşmalar var. Kim haqlıdır, kim haqsızdır məsələsini kənara qoyaq. Problem ondadır ki, ölkə daxilində buna münbit şərait olmasaydı, vətəndaş müharibəsi, daxili faciələr baş verməzdi.

- Açıq görünən odur ki, Suriyada, İraqda və Yəməndə İran ciddi tərəfdaş kimi çıxış edir, onun dəstəklədiyi qüvvələr həmin ölkələrdə daha da güclənir. Məsələn, Abdullah Salehi İranın dəstəklədiyi husilər tərəfindən öldürüldü, Tehran Bəşər Əsədi dəstəklədiyi üçün onu toxuna bilmirlər və ya Şimali İraqda Bağdad hökumətinə dəstək verərək kürd separatçılığının qarşısı kəsildi. Sizcə, İran o dərəcədə güclüdür ki, ərəb regionunda proseslərə bu şəkildə təsir edə bilir?

- İran 1979-cu ildən bu yana ABŞ-ın sanksiyaları altında yaşayır. İran zəngin və qədim tarixi olan ölkədir. Sanksiyalar altında yaşadığı zaman İran hətta kosmosa peyklər buraxdı. İranın güclü ordusu və özünün istehsal etdiyi silahlar var. Əvvəl İran ABŞ və SSRİ-dən təyyarələr alırdı. Sonradan İran bu təyyarələrin detallarını ala bilmədi və bu səbəbdən də təyyarələr havalana bilmədi. Bundan sonra İran məcbur olub hərbi sənayesini inkişaf etdirdi.

İkincisi, baş verən proseslər İran üçün ölüm-dirim mübarizəsidir. Üstəlik kəşfiyyat məsələsində İran çox güclüdür. Ərəblərlə də münasibətləri daima gərgin olub. İndi də yaşamaq uğrunda mübarizə gedir. İran da uzun illər tək qaldığına görə ancaq özünə güvənir. Şübhəsiz ki, İran hər zaman hiyləgər siyasəti ilə seçilib. Lazım olanın üzünə gülüb, lazım olanın başını əzib. Bu gün əlini sıxdığı adamın sabah əleyhinə işləyib. Yəni İran güclü dövlətdir və ərəb coğrafiyasında da ona bağlı olan qrupların vasitəsilə iştirak edir. Yəmən və Suriya buna açıq nümunədir.

- Türkiyə ilə bağlı da ciddi narahatçılıq hiss edilir, xüsusilə ABŞ-da Rza Zərrab məhkəməsindən sonra. Sizcə, Rza Zərrab prosesi ilə Türkiyəni nəyə vadar etmək istəyirlər?

- Bu mövzuya müxtəlif yanaşmalar var. Mənə görə, Rza Zərrabdan heç kim istifadə etmir. Sadəcə olaraq Zərrab canını qurtarmaq üçün Amerikaya getdi. O bilirdi ki, ABŞ-da onu həbs edəcəklər, lakin öldürməyəcəklər. Əgər Amerikaya getməsəydi, onu çoxdan öldürərdilər. İndi də sığınıb ABŞ-a və federal strukturlarla əməkdaşlıq yolunu seçib. Məqsədi də odur ki, həbs edilməsin və həyatına zəmanət ala bilsin.

Ancaq burada Türkiyə hakimiyyətinin hansı siyasət yürütdüyü, şəxsi maraqlar baxımından hansı addımlar atdığı da diqqətə alınmalıdır. Məsələn, Prezident Ərdoğan Güləni əldə etmək üçün Amerikaya ilə qarşıdurmaya getdi. Zərrab işi də sanki buna bir cavabdır. Üstəlik qardaş Türkiyə hakimiyyəti İncirlikdə yerləşən NATO bazasının elektrik enerjisini kəsdi. İllər əvvəl NATO İraqa daxil olmaq istəyərkən, Türkiyə müttəfiqlərinə yol verməkdən imtina etdi. Beləcə NATO və ABŞ İraqa digər ərazidən daxil oldu. Bunların hamısı dost və müttəfiq ölkə kimi Türkiyənin atmayacağı addımlar idi. İndi də ortada olan nəticə bəllidir. Fikrimcə, düzgün xarici siyasət kursu aparılmalıdır.

- Bir çoxları hesab edirlər ki, Rza Zərrab prosesinin sonunda Türkiyəyə qarşı sanksiyalar tətbiq edilə bilər. Siz, bunu gözləyirsiniz?

- Türkiyəyə qarşı deyil, ayrı-ayrı məmurlara qarşı sanksiya tətbiq edilə bilər. Ola bilsin ki, Ərdoğanın özünə də qarşı sanksiyalar tətbiq edilsin. Ancaq bu da bazarlaşma preqmeti ola bilər. ABŞ-dan deyərlər ki, əlimizdə faktlar var, siz filan məsələdə bizimlə birgə hərəkət etməlisiz. Bu, gözləniləndir.

Bir daha qeyd edim ki, aradakı çat ABŞ və NATO İraqa daxil olmaq istəyərkən Türkiyədən dəstək ala bilmədikdə başladı. Həmin dövrdə Türkiyə müttəfiqləri ilə birgə hərəkət etməli, onlara yol verməli idi. Ancaq Ankara buna getmədi. ABŞ da bundan sonra başqa addım atdı. Bu zaman İraqda ABŞ üçün istinad nöqtəsi kürdlər oldu. Çünki Türkiyə özü istinad nöqtəsi olmağı rədd elədi. Nəticədə də türkmənlər zəiflədi. ABŞ kürdlərə silah verdi, onları dəstəklədi. Bir var taktiki addım, bir də var strateji. Strategiya odur ki, 10 il qabağı düşünürsən. Bunu düşünməyəndə və hissə qapılanda nəticə arzuedilməz olur. Mən demirəm ki, bu prosesdə ABŞ haqlı, Ərdoğan haqsızdır. Söhbət ondan gedir ki, dünyada söz sahibi kimdir? Sözsüz ki, dünyada söz sahibi ABŞ və inkişaf edən Qərb dünyasıdır. Çünki onlar elmə, innovasiyaya, modernləşməyə üstünlük verirlər, böyük pullar xərcləyirlər. Müsəlman ölkələri isə orta əsirlərdə qalıb. Problemin məğzi də bundan ibarətdir.


Müəllif: Cavad

Oxşar xəbərlər