17 Dekabr 2017 09:05
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp dekabrın 18-də yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster bildirib. Qeyd olunub ki, sənəd dörd əsas maddədən ibarət olacaq: amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi, “güc vasitəsilə sülhün qorunması” və Amerikanın təsirinin artırılması.

Sənədi Teleqraf.com-a şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Əfqanıstan, Şimali Koreya, İran, Şərqi Avropa və ən başlıca Yaxın Şərq əsas yer tutacaq:

“ABŞ Yaxın Şərqdə əsasən Səudiyyə Ərəbistanı, Misir və İsraillə birgə koordinasiyalı fəaliyyət göstərərək regionda İran və onun 5-ci kolonuna qarşı effektiv mübarizəyə start verəcək. Bu hücumda İranın zəiflədilməsi, “Hizbullah” və husilərin fəaliyyətinə son qoymaq əsas hədəf olacaq. “Hizbullah” İsraili, husilər isə Səudiyyə Ərəbistanını təhdid edir.

Şimali Koreyaya gəldikdə isə, Pxenyanın ram edilməsi mütləqdir. ABŞ-ın hərbi-siyasi bataqlıq olan Əfqanıstanda öz silahlı qüvvələrini artırmaqla terrorizmlə mübarizə və Mərkəzi Asiyaya təsirini yaymaq kursu başlıca prioritetdir. Ağ Ev Çinin Mərkəzi Asiyaya təsirinin artmasından da narahatdır və bunun qarşısını almağı başlıca məqsəd sayır. Tramp, həmçinin, yeni milli təhlükəsizlik strategiyasında Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyaların genişləndirilməsini və geosiyasi mübarizədə Kremli küncə sıxışdırmağı hədəfləyib.

Türkiyəyə gəldikdə isə, ABŞ-ın əsas strategiyası Rəcəb Tayyib Ərdoğan hakimiyyətini zəiflətmək və hakim AKP ilə vidalaşmaqdır. Onu da qeyd edim ki, ABŞ Türkiyəni itirmək istəmir. Sadəcə, Ərdoğanın siyasətindən narazıdır”.

M.Əsədullazadə bildirib ki, D.Tramp yeni strategiyanı elan etməklə özünə qarşı olan daxili tənqidləri arxa plana keçirməyi hədəfləyir və impiçment prosedurundan qurtulmağa çalışır:

“Tramp elan edəcəyi milli təhlükəsizlik strategiyası ilə özünü qorumağa çalışacaq. Cənubi Qafqaz regionuna gəldikdə isə… Vaşinqtonun siyasətinə baxdıqda regionun açar dövləti olan Azərbaycanın ABŞ milli təhlükəsizlik strategiyasında yer alması real görünmür. Əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması böyük ehtimalla strategiyada yer almayıb. Çünki ABŞ hazırda Yaxın Şərq, Şimali Koreya və Ukrayna böhranı ilə təkbaşına məşğul olduğundan bu regionlara xüsusi önəm verir. Dağlıq Qarabağ probleminin həllində isə ATƏT-in Minsk Qrupu formatı çərçivəsində fəaliyyət göstərdiyi üçün öz təhlükəsizlik strategiyasında problemin həllini qeyd etmir. Həmçinin, burada Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin də mühüm rol oynadığını vurğulamaq lazımdır. Çünki Azərbaycanın siyasəti təktərəfli formalaşmayıb. ABŞ Azərbaycanla yalnız enerji, nəqliyyat və beynəlxalq terrorizmə qarşı mübarizədə fəal əməkdaşlıq edir. Bir sözlə Qarabağ probleminin həlli ABŞ-ın geosiyasətində prioritet deyil”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ hazırda Rusiyanın moderatorluğunda olan konfliktin həllində maraqlı deyil:

“Maraqlı olarsa, ilk növbədə Ermənistana təzyiqlər etməlidir”.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər