"İslam" jurnalının baş redaktoru və Dağıstan müftisinin xanımı Ayna Hamzatova 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, onun namizədliyinin qeydiyyatı üçün lazım olan sənədlər yanvarın 5-dək Mərkəzi Seçki Kommisiyasına təqdim olunacaq.
Rusiyada ən böyük İslamyönümlü media holdinqin rəhbəri olan 46 yaşlı Ayna Hamzatova eyni zamanda Dağıstan müftisi Əhməd Abdullayevin məsləhətçisidir.
Filologiya və hüquq üzrə ali təhsil almış prezidentliyə iddialı xanım Rusiyanın Jurnalistlər Birliyinin üzvüdür.
"İnterfaks" agentliyi onun birinci həyat yoldaşı Dağıstan müftisi Səid-Məhəmməd Əbubakarovun 1998-ci ildə vahabilər tərəfindən öldürülməsindən sonra sələfilərə qarşı barışmaz mövqedə olduğunu yazıb.
Xatırladaq ki, dekabrın 25-də tanınmış teleaparıcı Kseniya Sobçak prezident seçkilərində namizədliyinin qeydiyyatı üçün sənədlərini verib. Hazırda o, Rusiyada prezidentliyə namizəd olmaq üçün sənədlərini MSK-ya təqdim etmiş yeganə xanımdır.