Son vaxtlar avronun manata nisbətdə məzənnəsində ciddi artım müşahidə olunur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, keçən illə müqayisədə artım təqribən 16-17 faizə çatıb:
“Bu artım əsasən Avrozonadan gətirilən məhsulların qiymətinə təsir göstərir. Avro ilə alınıb ölkəyə gətirilən malların qiymətində digər ölkələrədən gələn mallara nisbətən daha böyük artım var.
Avropa ölkələrindən dərman preperatları, uşaq yeməkləri, avtomobil və avtomobil ehtiyat hissələri gətirilir. Avropadan, Almaniyadan işlənmiş avtomobillərin gətirilməsi də avro ilə həyata keçirildiyinə görə onların manat ekvivalentində satış qiymətində artım müşahidə olunur. Ona görə son zamanlar avtomobil bazarında durğunluq və alıcı qıtlığı olsa da, qiymətlər yüksəkdir”.
Qeyd edək ki, Azərbaycanda avronun rəsmi məzənnəsi tarixi rekord həddə çatıb və bu gün 2,0761 AZN/EUR təşkil edib.
2015-ci il fevralın 21-də Azərbaycanda baş verən milli valyutanın ilk devalvasiyasından sonra avronun rəsmi məzənnəsinin maksimal göstəricisi 2017-ci il fevralın 1-də (2,0719 AZN/EUR) qeydə alınıb.