Dəyərli soydaşlarım, qeyd edim ki, Borçalı Azərbaycandan kənarda türk ruhunu, Dədə Qorqud dialektini, adət-ənələrini bu günə qədər qorumaqda olan tək coğrafiyadır. Bu baxımdan zəngin olan Dərbənd, Qərbi Azərbaycan kimi tarixi ərazilərimiz haqqında bunu söyləmək imkanlarımız təəssüf ki, əlimizdən alınmışdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.
O, qeyd edib ki, “Borçalı” Cəmiyyəti beynəlxalq hüququn, Gürcüstan və Azərbaycan ana yasalarının tələblərindən kənara çıxmadan yurddaşlarımızın yanında olub, daha çox mədəni-kütləvi tədbirlərlə soydaşlarımızın Gürcüstan cəmiyyəti ilə qarşılıqlı inteqrasiyasına dəstək verməyə çalışıb:
“Qarşılıqlı olaraq yad hesab oluna bilən mədəniyyətlərin, dillərin, dinlərin, dövlətlərin arasında mənəvi körpü funksiyasını yerinə yetirməyi mənəvi borcu bilib. Bu gün də prinsiplərinə sadiqdir. Bütün anlamlarda xoşməramlı yolumuza əngəl olmaq istəyən qüvvələr də az olmayıb və bunu da təbii hesab edirik”.
Məmmədli deyib ki, 2018-ci il müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illiyidir:
“Gürcüstanda da bu şərəfli tarixin 100 illiyidir. Azərbaycanın istiqlalının elan olunduğu məkanın Gürcüstan, həm də Borçalı olması da bir tarixdir. Babalarımız eyni ammallar uğrunda bir səngərdə qərar tutmalı olub və eyni taleyi bölüşüblər. “Borçalı” Cəmiyyətinin sədri olaraq mən də babalarımızın qoyduğu aydın, işıqlı yolla getməyi doğru bilir. Qafqazın yaraşığı olan Azərbaycan və Gürcüstanın bir səngərdə olmaqdan başqa yolunu görmürəm. Qafqazın xoşbəxt gələcəyi, hər iki dövlətin var olması, diri və iri olmaları yenə bu dövlətlərin və xalqın birliyindən, səmimi tərəfdaşlığından keçir. “Borçalı” Cəmiyyəti bunlardan başqa bir istək sahibi olubmu? Əsla yox. Zərərli zehniyyətin basqılarına baxmayaraq Azərbaycan-Gürcüstan-Türkiyə bayraqları başımızın üstündə dalğalanmaqda, müqəddəs bildiyimiz yolu heç kimdən təmənna ummadan getməkdəyik.
Belə olan halda Borçalı Cəmiyyətinə qarşı Gürcüstanda qorxu mənbəyi obrazının yaradılmasının kökündə nə durur? Zəlimxan Məmmədli hansı qəbahətin sahibidir ki, öz doğulduğu vətənə, yurda gedişinə ədalətsiz olaraq yasaq qoyulub? Hansı cinayətin sahibidir ki, onun haqqında terrorist, separatçı obrazı yaratmaq istəyirlər?”.
Gürcüstan rəsmilərinə, hüquq müdafiə təşkilatlarına, siyasi partiyalara, ictimai qurumlara və aydınlara üz tutan Z. Məmmədli qeyd edib ki, bu mövzuda açıq ictimai müzakirə açılmasını istəyir:
“Həqiqəti biz özümüz üzə çıxartmalıyıq. Cumhuriyyətin 100 illiyi bizdən səfərbərlik tələb edir. Allah sizi, millətimizi, ədaləti var eləsin”.