"Azərbaycan və İran arasında həyata keçirilən Şimal-Cənub nəqliyyat dəhlizi olduqca əhəmiyyətli layihədir. Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşündə göstəriş verildi ki, qatar Sankt-Peterbuqrdan Mumbaya yollansın".
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə məlumat verib.
Onun sözlərinə görə, dünən bununla bağlı ilk sınaq həyata keçirilib: “Bizim bir yarımçıq işimiz qalıb, o da Rəşt-Astara dəmiryolu layihəsi ilə bağlıdır. İran-Azərbaycan müştərək avtomobil zavodunda da işlər yekunlaşmaq üzrədir. Ümid edirik ki, bu yaxınlarda avtomobil zavodunun açılışı olacaq”.
Diplomat Almaniya və İrandan Azərbaycana avadanlıqlar gətirildiyini bildirib. Cavad Cahangirzadə qeyd edib ki, hazırda Neftçalada yerləşən zavodda İran və Azərbaycanın mütəxəssisləri tərəfindən layihə üzərində iş gedir: “Prezident tərəfindən səhiyyə sahəsində əməkdaşlıqla bağlı bəzi göstərişlər var”.
Səfir yaxın vaxtlarda İran traktor karxanası zavodunun sədrinin Bakıya gələcəyini açıqlayıb: “Azərbaycan və İran səfirlikləri çalışır ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün işlər görülsün”.
Diplomatın sözlərinə görə, Azırbaycana ən çox turis Rusiya və Gürcüstandan sonra İrandan gəlir: “2017-ci ilin 11 ayı ərzində 320 min iranlı Azərbaycan gəlib. Azərbaycandan İrana gedənlər də çox olub”.