2 Mart 2018 09:29
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun son çıxışından sonra Fransada islami reformist hərakat başlayıb. Fransadakı bir qrup müsəlman buna etiraz etsə də, dövlət artıq öz proqramını elan edib.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Yadigar Nağıyev deyib.

O qeyd edib ki, ilk olaraq fransızların “Qrand İmam” adlandırdığı titulu öz əllərində saxlamaq, məscidlərə və mollalara gələn xarici yardımların qarşısını kəsərək, dövlət dəstəyini göstərmək istəyirlər:

“Əlbəttə, bunu Makron ixtira etməyib. Ondan əvvəlki prezidentlər də bu fikri dəstəkləmiş, ancaq tamamlaya bilməmişdilər. Makron isə zamanın tələbi olan bu addımı atır. Fikrimcə, Makron bu addımla müsəlman ölkələrdən gələn mollaları əngəlləmək, xüsusilə də Fransaya molla yollayan Türkiyənin qarışısını kəsmək istəyir. Makron bilir ki, gələcəkdə baş verə biləcək Fransa-Türkiyə soyuqlaşması zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz yolladığı mollalar vasitəsilə Fransa daxilində təxribat yarada və ya müsəlman iqtidar partiyası üzvlərini öz tərəfinə çəkərək onu Almaniyadakı vəziyyətə sala bilər.

Makron fransız müsəlmanları molla olacaqları təqdirdə həm də dünyəviləşdirmək istəyir. Makronu belə düşünməyə sövq edən səbəblər bunlardır; birincisi, Makron Avropada yarana biləcək hər hansı radikallığa qarşıdır. İkincisi, savadlı, cahil olmayan fransız müsəlmanları yetişdirmək və üçüncüsü terrorizmə qarşı mübarizədə üstünlük və Avropada ən təhlükəsiz dövlət titulu qazanmaq istəyir.

Fikrimcə, Makron ilk olaraq daxili sabitlik yaratmaq və müsəlman fransız xalqını dövlətlə sıx işləməyə sövq etmək istəyir. O bilir ki, Ərdoğanı güclü edən onun dövlətlə dini bir arada tutmasıdır. Bu, Ərdoğana ümummilli maraqları gücləndirməyə xeyli köməklik etdi. Ancaq Fransa sekulyar dövlətdir. Din dövlətdən ayrıdır. Belə olduğu təqdirdə, Makron yalnız xoşməramlı prezident imici ilə həm də müsəlman seçicilərinin sayını artırmaq istəyir”.

Fransanın Suriya böhranının həllində aktivlik göstərdiyini vurğulayan Y.Nağıyev əlavə edib ki, rəsmi Paris Yaxın Şərqə müdaxiləni fransız müsəlmanlarını dəstəkləməkdə və daxildə molla yetişdirməkdə görür:

“II Dünya müharibəsi ərəfəsində və ondan sonra Fransanın çoxlu müsəlman müstəmləkəsi vardı. Liviya, Misir kimi dövlətlərdə müsəlman xalqa fransız dili öyrədilir və xalqı fransızlaşdırmağa çalışırdılar. II Dünya müharibəsindən sonra müstəqillik əldə edən dövlətlərdə isə fransız dili işlək dil olaraq qalsa da, xalq artıq öz kökünə doğru qayıtmağa başladı. Bu, Fransa üçün təhlükə idi, çünki həmin ərazilərdə azalan Fransa təsiri türk təsiri ilə əvəzlənmişdi. Türkiyə artıq o ərazilərdə böyük oyunçudur. Bunu yaradan səbəb isə islam dinidir. Məhz bu səbəbdən yola çıxan Fransa islam dinini dövlət nəzarətinə keçirərək regiona təsir etməyi gözləyir”.

Ekspert vurğulayıb ki, E.Makron mandatı dövründə R.T.Ərdoğan kimi güclü liderə qarşı dini nəzarətdə saxlayaraq, regionda yaşayan müsəlman xalqda “qayğıkeş prezident” imici yaratmaq istəyir:

“O düşünür ki, məhz belə olduğu zaman Fransa Yaxın Şərq məsələsində müsəlmanların dəstəyini ala biləcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər