Bəzi müxalifət partiyalarının prezident seçkilərində iştirak etməməsi onların öz qərarıdır. Biz bu qərara müdaxilə etmək üçün Azərbaycana gəlməmişik.
Teleqraf.com-un məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri Koryen Yonker bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ATƏT/DTİHB seçkilərə müdaxilə etmir:
“Bundan əvvəlki missiyaların seçkilərə dair tövsiyələrini hökumət qurumları ilə müzakirə edəcəyik. Biz seçki polisi deyilik və seçkilərin nəticəsi ilə maraqlanmırıq. Məqsədimiz seçki prosesinin şəffaf olmasıdır. 20 uzunmüddətli müşahidəçi Azərbaycanda səfərdə olacaq. İki nəfərdən ibarət 10 komanda Azərbaycanın bütün regionlarında növbədənkənar seçkilərə dair müşahidələr aparacaq. İlkin olaraq aralıq hesabat yayacağıq. Yekun hesabat isə seçki prosesi bitdikdən 8 həftə sonra açıqlanacaq”.