Azərbaycan dünyada öncül mövqelərə çıxıb və təkcə sabitliyi ilə yox, həm də dayanıqlı inkişafı ilə fərqlənən dövlətə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu “Trend”-ə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.
D.Savelyevin sözlərinə görə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır:
“Güclü və çevik siyasət respublikaya eyni zamanda həm Qərb, həm də Şərqlə konstruktiv münasibətləri saxlamağa və öz maraqlarını bütün beynəlxalq görüşlərdə və danışıqlarda müdafiə etməyə imkan verir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi müstəqil ölkənin xarici siyasət sahəsində ən böyük nailiyyəti olub”.
Öz növbəsində Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri, politoloq Nataliya Krasovskaya Trend-ə deyib ki, Azərbaycanda ümumi daxili məhsulun artımı və sabit makroiqtisadi vəziyyət sayəsində nüfuzlu reytinq agentlikləri və aparıcı ekspertlər ölkənin “iqtisadi şoklar”dan müdafiəsinin təmin olunduğunu vurğulayır:
“Qısa müddət ərzində respublikada sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Eyni zamanda Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir”.
Ölkənin beynəlxalq nüfuzu məsələsinə toxunan N.Krasovskaya qeyd edib ki, Azərbaycan dünyaya qlobal inteqrasiya və milli-mədəni xüsusiyyətlərinin sintezi kimi öz demokratiya modelini təqdim edib:
“Dünyəvi dəyərlərə arxalanmaqla Azərbaycan multikulturalizm nümunəsinə çevrilib və bununla da öz ərazisində bütün xalqlara və dinlərə tam inkişaf etmək imkanı verib. Bununla yanaşı ölkə öz milli-mədəni zənginliklərini qoruyub saxlayır və bütün dünyada Azərbaycan mədəniyyəti və incəsənətinin nailiyyətlərini təbliğ edir”.
Agentliyin həmsöhbətləri Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlər mövzusuna da toxunublar.
Onlar qeyd ediblər ki, “Şimal-Cənub” layihəsi kimi qlobal iqtisadi planların reallaşdırılmasında Azərbaycan öz etibarlılığını və potensialını nümayiş etdirə bilib. İki ölkə arasında əmtəə dövriyyəsi ildən-ilə artır. Azərbaycana Rusiya investisiyalarının axını çoxalır. Rusiyada Azərbaycan idxalçılarına öz məhsullarını reallaşdırmaq üçün əlverişli şərait yaradılıb.