8 İyun 2018 08:02
4 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Naxçıvanı işğal etməyə gücü yoxdur. Buna görə inanmıram ki, Ermənistan növbəti çirkin fikrə düşsün. Ermənistan sadəcə tez-tez Naxçıvan məsələsini gündəmə gətirməklə “blef” edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Erkin Qədirli deyib.

Onun sözlərinə görə, əgər Ermənistan ordusu Dağlıq Qarabağdakı yüksəkliklərdən aşağı düşsə, Azərbaycanın Silahlı Qüvvələrinin imkanı var ki, düşmənin mövqelərini darmadağın etsin:

“Belə bir cəhddə Azərbaycanın üstünlüyü açıq formada özünü göstərəcək. Buna görə də, Ermənistanın heç bir şansı yoxdur. Hesab edirəm ki, Ermənistan Naxçıvana diqqəti artırmayıb, bunlar sadəcə “blef”dir. Çünki Azərbaycan prezidentinin Naxçıvan səfəri Nikol Paşinyanın baş nazir seçilməsindən az sonraya təsadüf etdi. Prezident Naxçıvandakı hərbi hissələrə baxış keçirdi, Dağlıq Qarabağla bağlı bəyanatlar da verdi. Bundan sonra Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvanla sərhəd bölgələrinə baş çəkdilər.

Hesab edirəm ki, Azərbaycan prezidentinin səsləndirdiyi bəyanatlar Paşinyanın baş nazir olmasından sonra və bundan bir az əvvəl onun Qarabağla bağlı səsləndirdiyi sərt fikirlərə cavab idi”.

Erkin Qədirli qeyd edib ki, müharibə vəziyyətində Azərbaycan üçün Naxçıvanın strateji əhəmiyyəti böyük olacaq:

“Çünki Naxçıvandan İrəvana cəmi 75 kilometrdir. Buna görə də, Ermənistan həmişə Azərbaycanla cənub-qərb sərhədlərini – Naxçıvanı özləri üçün təhlükə sayıblar. Eyni zamanda, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin tez-tez Naxçıvanda həyata keçirdikləri birgə hərbi təlimlər Ermənistanı açıq formada narahat edir. Ümumiyyətlə, söhbət təkcə Naxçıvandan yox, Azərbaycan və Ermənistan arasındakı güc nisbətinin kəskin formada dəyişməsindən gedir.

Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri müqayisəedilməz dərəcədə Ermənistan ordusundan güclüdür. Buna görə də, Ermənistan Azərbaycanla hesablaşmaq istəmir və özünə ciddi problemlər yaradır”.

Müharibə vəziyyətində Naxçıvanın ayrıca bir güc kimi ortaya çıxmasının Azərbaycana əlavə üstünlük qazandıracağını bildirən Erkin Qədirli vurğulayıb ki, Naxçıvan həm İrəvanı nəzarətdə saxlamaq, həm də Dağlıq Qarabağı geri qaytarmaq baxımından əlverişlidir: “Dağlıq Qarabağ və Naxçıvan arasındakı əraziləri qısa müddətdə keçmək mümkündür. Son zamanlarda Naxçıvandakı hərbi hissələrin gücləndirilməsi də onu deməyə əsas verir ki, müharibə vəziyyətində bu bölgə böyük əhəmiyyət kəsb edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər