30 İyun 2018 12:54
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında hakim partiyanın rayon və şəhər sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov tədbiri açaraq məqsədin prezident seçkilərindən sonra rayon təşkilatlarının sədrlərini bir araya yığmaq olduğunu bildirib.

Onun sözlərinə görə, hakim partiyanın rayon və şəhər təşkilatları seçkilərdə yüksək fəallıq göstəriblər: "Partiyanın sədri İlham Əliyev bu fəallığı yüksək qiymətləndirib. Dövlət başçısı seçki kampaniyasının yüksək şəkildə təşkilindən məmnunluğunu ifadə edir. Həqiqətən də ölkədə keçirilən seçki kampaniyası yüksək əhali fəallığı ilə keçirildi. İnsanlar öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davamına vermiş oldular".

Ə.Əhmədov deyib ki, bunun nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev növbəti 7 il müddətinə YAP-ın sədri seçilib: "Ölkəmiz bu illərdə daha da inkişaf edəcək, ölkəmizin gücü daha da artacaq. Azərbaycan yüksələn xətlə inkişaf edir. Azərbaycan xalqı bu inkişafın növbəti 7 ildə də davam etməsi üçün Prezident İlham Əliyevə səs verdilər. İnsanlarımız prezidentə etimad edir onun siyasətinə yüksək qiymət verirlər. Seçki kampaniyasının bütün mərhələsində fəallarımız bütün təbəqədən olan partiya üzvləri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Kampaniyanın uğurla keçməsinə öz töhfələrini verdilər".

"YAP fəalları bu kampaniyada bütün mərhələlərdə xüsusi fərqlənirdilər. Güman edirəm ki, YAP kifayət qədər möhkəmlənib, böyük nüfuzlu siyasi təşkilata çevrilib. Böyük mərhələni arxada qoyduq, 2019-cu ildə bələdiyyə, 2020-ci ildə parlament seçkiləri keçiriləcək. Qarşıda bizi iki seçki kampaniyası gözləyir və partiyamız bu kampaniyalarda da öz fəallığını göstərəcək. YAP seçkilərdə fəallıq nümayiş etdirməklə yanaşı, digər dövrlərdə də yüksək fəaliyyəti ilə seçilir. YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artır", - o qeyd edib.

Tədbir işini qapalı davam etdirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər