16 İyul 2018 22:45
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur. Bu baxımdan, dövlət başçısının Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüş və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, qurumun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə müxtəlif proqramlar çərçivəsində çox fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanın ticarət tərəfdaşlığında Avropa İttifaqı ölkələri ilk yerdədir:

“Cənubi Qafqaz regionunun lider ölkəsi olaraq Azərbaycan böyük layihələrin müəllifi və iştirakçısıdır. Ölkəmizin liderliyi ilə reallaşan transmilli enerji layihələri, Cənub Qaz Dəhlizi layihəsi, onun tərkib hissəsi olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri də Avropa İttifaqı tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Ölkəmizin həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib. Avropa İttifaqı Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində də Azərbaycanın əhəmiyyəti getdikcə artır”.

Deputat bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır:

“Sənəddə qeyd olunur ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Göründüyü kimi, sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi. Bu fakt Azərbaycanın diplomatik qələbəsidir. Artıq işğalçı Ermənistan dalana dirənib və o, diplomatiya cəbhəsində növbəti dəfə ölkəmizə məğlub oldu. Avropa İttifaqının bu mövqeyi danışıqlar prosesində ölkəmizin mövqeyini daha da gücləndirir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər