Ermənistan müstəqillik əldə etdikdən sonra bütün fəaliyyətini beynəlxalq aləmdə Azərbaycan və Türkiyə ilə bağlı yalan məlumat yaymaq, işğal etdiyi Azərbaycan torpaqları üzərində hüquqi status əldə etmək üçün qurub.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, aparılmış bu qüsurlu siyasətin qonşu ölkədə bu ilin aprel ayında hansı hadisələrə gətirib çıxardığı hamıya yaxşı məlumdur:
“Artıq erməni cəmiyyəti üç əvvəlki prezidentin dövrünün ölkə üçün itirilmiş zaman olduğunu açıq etiraf edir və özünə yeni inkişaf yolu axtarır. Amma analiz göstərir ki, Ermənistanın yeni yol axtarışına dair bütün təkliflər Ter-Petrosyan - Köçəryan - Sərkisyan siyasətinin üz qabığını dəyişməklə mahiyyətini saxlamaqdan ibarətdir.
Bunu bariz şəkildə erməni siyasi elitasının Azərbaycanın beynəlxalq aləmdə fəaliyyətinə verdikləri qiymətdə görmək olar. Ölkəmizin bütün addımları İrəvanda diqqətlə izlənilir və müxtəlif dil resurslarında operativ rəy verilir. Bu fəaliyyət Ermənistanda hakimiyyət dəyidikdən sonra da dayanmayıb. Maraqlısı isə budur ki, hakimiyyət dəyişsə də, siyasi ştampları qətiyyən dəyişməyib. "Azərbaycan - Avropa münasibətləri", "Avropanın Ermənistanı satması", " demokratik tələblərin yaddan çıxması", " Avropanın Azərbaycanın maliyyə imkanlarına aldanması" və s. iddialar Sərkisyan dövründə olduğu kimi, indi də İrəvan siyasi şərhçilərinin geniş istifadə etdiyi iddialardır”.
Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan tərəfin bu iddialarına baxmayaraq, dünyanın Ermənistanın yalanlarına inanmağa borclu olmadığı, həqiqətin özünə yer tapması isə unudulur:
“Eyni zamanda, Ermənistan siyasiləri problemlərinin kökündə Azərbaycan torpaqlarının bir hissəsinin durduğunu da dilə gətirmək istəmirlər. Bunu etməsələr də, bunun belə olduğunu yaxşı bilirlər. Zaman udmağa, ən ideal halda isə hansısa bir möcüzə gözləməyə üstünlük verirlər”.