İranın təhsil naziri Məhəmməd Bəthayinin açıqlaması Güney Azərbaycanda etirazlara səbəb olub. Qeyd edək ki, nazir şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb.
Onun fikirləri sadə insanlarda hiddət doğursa da, Azərbaycanın siyasi partiyaları bu istiqamətdə hələ ki mövqe bildirməyiblər.
Ağ Partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a bildirib ki, İran-Azərbaycan münasibətlərində qırılma nöqtələrindən biri də bu ölkədə yaşayan azərbaycanlıların təhsil hüququ məsələsidir. Onun sözlərinə görə, 40 milyona yaxın insanın təhsil hüquqqunun məhdudlaşdırılması İran-Azərbaycan münasibətlərində ən həssas məqamlardan biridir:
“Biz hər zaman bu məsələni diqqətdə saxlayırıq. Öz etirazımızı bildirir, yeri gələndə bəyanatlar veririk. Təxminən bir ay əvvəl İran səfirliyi bizi görüşə dəvət etmişdi. Səfirlikdə 2 saata yaxın görüşümüz oldu. Mənim qaldırdığım məsələlərdən biri bundan ibarət idi ki, niyə İranda Azərbaycan dilində məktəblərin açılmasına imkan vermirdiniz? Onlar bildirdilər ki, bizdə Azərbaycan dilində məktəblər var. Sadəcə olaraq Azərbaycan türklərin özləri o məktəblərdə oxumaq istəmirlər. Bizə bildirdilər ki, bu məsələlər Azərbaycan Respublikasında daha çox qabardılır, nəinki İranda.
Buna baxmayaraq biz bu açıqlama ilə kifayətlənmirik və hər zaman azərbaycanlıların hüquqlarının pozulmasına etirazımızı bildirmişik. Çünki dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq azərbaycanlılar diqqətimizdədir”.
T.Abbaslı qeyd edib ki, bu məsələdə əsas iş İranda yaşayan azərbaycanlıların üzərinə düşür:
“Bizim burdakı bəyanatlarımız, yaxud İran səfirliyi qarşısında aksiya keçirməyimiz məsələyə yardım etmir. İrandakı azərbaycanlıların təşkilatlanmasına, bu məsələləri daha aktiv şəkildə qaldırmasına daha çox ehtiyac var. Əgər real nəticə əldə etmək istəyiriksə, ordakı azərbaycanlılar daha aktiv olmalıdırlar. Sözsüz ki, iranlı nazir başından böyük söhbət edib. Çünki İran əhalisinin ən azı 1/3-i azərbaycanlıdır. Onlar milli azlıq deyil, milli çoxluqdur”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə Güney Azərbaycan məsələsinə çox həssas yanaşdıqlarını vurğulayıb. O qeyd edib ki, bu məsələdə İran hökumətinin siyasəti doğru deyil:
“Heç İran hökumətinin adı da doğru da deyil. Özünə islam respublikası deyir. Ancaq anti-islam respublikasıdır. Anti-insani hərəkətləri var. İran parlamentində erməni fraksiyası mövcuddur. Erməni dilində orta təhsil verilir, bundan əlavə, ermənilərin imtiyazları daha böyükdür, nəinki türklərin. İranlı nazirin açıqlaması öz konstitusiyalarına da ziddir. Ancaq nazirin açıqlaması fərqli olsaydı, bu fərqli olardı. Orda anti-türk siyasəti yürüdülür, insan haqları pozulur.
Biz həm Klassik Xalq Cəbhəsi Partiyası olaraq, həm də vətəndaş olaraq daim bu məsələni diqqətdə saxlayırıq və hər zaman onların haqların qorumağı özümüzə borc bilirik. Düzdür, borcumuzu zəif yerinə yetiririk, amma bu bizim boynumuzun borcudur”.