Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu 100 günü qeyd etmək istəyir. O bu münasibətlə avqustun 17-də İrəvanın mərkəzi meydanında mitinq keçirəcək. Ağıllı gedişdir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, N.Paşinyan üçün bu mitinq iki səbəbdən vacibdir:
“Birincisi, Paşinyan parlament seçkisi öncəsi Qarabağ klanını zəiflətməyə çalışır, eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın mövqelərinə zərbələr endirir, korrupsiya ittihamı ilə siyasətçilər və hərbçilər arasında həbslər həyata keçirir. Ancaq bunun riskli tərəfi də var. Həmin qüvvələr revanşa çalışa bilərlər. Buna görə də Paşinyan tərəfdarlarını mitinqə səsləyir ki, rəqibləri onun arxasındakı gücü görsünlər.
Paşinyanın ikinci məqsədi də var. Rusiya ona diş qıcamağa başlayıb. Gözlənildiyi kimi Köçəryanın həbsi Kremlin xoşuna gəlməyib. Rusiya Ermənistanda istənilən təxribatı törədə bilər. Bunu yaxın tarixdən də bilirik. Paşinyanın bunun qarşısını almaq üçün mitinqə ehtiyacı var. Paşinyan rəqiblərinin onun mitinqdəki gücünü görməsini və bu vacib amillə hesablaşmalarını istəyir. Ancaq bu amilin həlledici olması üçün Paşinyan meydana Serj Sərkisyanı devirdiyi gün yığdığı qədər tərəfdarını toplamalıdır”.
E.Şahinoğlu digər bir maraqlı məqama da toxunub. O qeyd edib ki, Rusiyanın ermənipərəst saytları çətin vəziyyətdədirlər:
“Rusiyanın ermənipərəst saytlarında son bir ayda maraqlı tendensiya müşahidə edirəm. Deməli, bu saytlar illər uzunu – Robert Köçəryanın və Serj Sərkisyanın dövründə Ermənistanı tərifləyiblər, Azərbaycan haqqında yalan məlumatlar yayıblar, əleyhimizə sayısız-hesabsız “analizlər” hazırlayıblar. Ancaq indi bu saytlar Ermənistanı tərifləyə bilmirlər, çünki baş nazir Nikol Paşinyanın siyasətindən, o cümlədən Robert Köçəryanın və Serj Sərkisyanın ətrafının kütləvi həbsindən narazıdırlar.
Həmin saytlar və onların başbilənləri məəttəl vəziyyətdə qalıblar. Belə ki, onlar əvvəlkitək Azərbaycanı ləkələsələr, bu Paşinyanın xeyrinə olacaq. Ona görə də bundan çəkinirlər. Əksinə, Köçəryanın və Sərkisyanın dövründə olduğu kimi Ermənistanın yeni hakimiyyətini dəstəkləsələr, belə olan halda Rusiyanın maraqlarına zidd getmiş olacaqlar. Çünki onlar ermənipərəst olduğu qədər də ruspərəstdirlər. Hələlik həmin saytlar Nikol Paşinyana qarşı kampaniyanı getdikcə gücləndirirlər. Beləliklə, keçmiş müttəfiqlər Azərbaycanı unudub öz aralarındakı yeni yaranan məsələləri həll etməyə girişiblər”.