8 Avqust 2018 18:28
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı tətbiq olunan sanksiyaların “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili vurğulayıb ki, layihənin müəllifi olan Azərbaycan bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib: “Müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır. Bu isə heç də sadə məsələ deyil. Lakin Azərbaycan buna nail olmağı bacarıb”.

Hikmət Babaoğlunun fikrincə, layihə sözün əsl mənasında 21-ci əsrin layihəsi adını daşımağa layiqdir: “Son hadisələr də bir daha bunu sübut edib. “Cənub Qaz Dəhlizi” layihəsi 7 ölkəni kəmər boyunca 12 fərqli investorla və alıcı ilə birləşdirəcək. Bu, həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. Yəni əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırki gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava və su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya Baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə mailk idi və heç də təsadüfi deyildi”.

Deputatın sözlərinə görə, belə mühüm layihələrin həmişə iqtisadi tərəflər ilə bərabər mütləq siyasi tərəfləri də olur ki, bu da Azərbaycan üçün az əhəmiyyətli deyil: “Ölkəmizin həyata keçirdiyi bu tipli meqa layihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini möhkəmləndirir və rolunu artırır. Bu isə nəticə etibarilə milli maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı zəmin yaradır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər