Xəzər dənizinin statusuna dair konvensiya hər şeydən əvvəl Xəzəryanı ölkələr arasında 20 ildən çoxdur davam edən mübahisələrə son qoydu və bu su hövzəsinin statusuna aydınlıq gətirdi.
Bunu Teleqraf.com-a politoloq Nəzakət Məmmədova deyib.
Bununla region dövlətləri arasında anlaşılmazlığa və gərgin münasibətlərə son qoyulduğunu deyən politoloqun sözlərinə görə, bununla nəinki Xəzər hövzəsində, habelə Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionunda yeni münaqişələrin yaranmasının qarşısı alındı:
“Xəzərin hüquqi statusunun müəyyənləşməsi həm də burada mövcud olan xəzinənin – “qara qızıl”ın, yəni dənizin dibindəki 65 milyard ton civarında hesablanan enerji resurslarının ədalətli bölünməsi demək idi.
Əslində Xəzərin statusunun müəyyənləşdirilməsi indiyədək buna görə uzanırdı. İran özünə çatan 14 faizlik enerji resurslarının nisbətən az olduğunu, buna görə də 20 faizə iddia etməklə həm də bu xəzinədən faydalanmaq istəyirdi. Hətta bu iddia diplomatik demarşdan hərbi hədəyədək gedib çıxmışdı.
Lakin İrana qarşı beynəlxalq təzyiqlərin yenidən güclənməsi, Rusiyanın özünün də vəziyyətinin gərgin olması, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqedən geri çəkilməməsi, Qazaxıstanın konstruktivliyi, Türkmənistanın inadkarlıqdan əl çəkməsi razılaşmanın imzalanmasını şərtləndirdi.
Konvensiyanın ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Xəzərdə öz payına düşən ərazidə enerji resurslarını daha rahat şəkildə istismar etməyə davam edəcək, qeyri-müəyyən, mübahisəli vəziyyət aradan qalxacaq”.
Nəzakət Məmmədova bildirib ki, bu konvensiya təkcə Xəzərin statusunun müəyyənləşməsinə deyil, eyni zamanda regional sülhə böyük töhfədir: “Regionda daha bir mübahisə öz həllini sülh, danışıqlar yolu ilə tapır ki, bu da Qarabağ münaqişəsinin, İranla ABŞ arasında gərginliyin, Rusiyaya Mərkəzi Asiya vasitəsilə qarşı terror təhlükəsinin mövcud olduğu bir şəraitdə region ölkələri arasında həmrəyliyin göstəricisidir”.