Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri baş nazir səviyyəsində həyata keçirilən ilk səfərdir. Bu səfər istər yüksək səviyyəli siyasi dialoqun, istərsə də iqtisadi və humanitar əlaqələrin inkişafı baxımında ölkələrimiz arasındakı münasibətlərə ciddi töhfə verəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Angela Merkelin Bakıya səfəri üzrə planlaşdırma işləri bir neçə aydır davam edir: “Bu səfər sırf ikitərəfli xarakter daşıyır. Bildiyimiz kimi, Almaniya ilə Azərbaycan arasında tərəfdaşlıq və dostluq münasibətləri hökm sürür. Avropa İttifaqı çərçivəsində Almaniya ilə Azərbaycan əsas tərəfdaşlardır. Almaniya investisiyası və şirkətləri ölkəmizdə fəal şəkildə təmsil edilir. Azərbaycanın həyata keçirdiyi qeyri-neft sektorunun inkişaf ilə əlaqədar məsələlər geniş müzakirə edilir”.
Hikmət Hacıyev Almaniyanın Dağlıq Qarabağ məsələsində mövqeyinin Azərbaycan tərəfindən təqdir edildiyini söyləyib: “Almaniya Azərbaycannın ərazi bütövlüyü və suverenliyini daim dəstəkləyib. Almaniya tərəfindən verilən açıqlamalar ondan ibarətdir ki, güc tətbiq edərək, dövlətlərin sərhədlərinin dəyişdirilməsi kimi hallar qəbuledilməzdir. Almaniyanın yürütdüyü siyasətə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondara rejimin nümayəndələrinin Almaniya ərazisinə qeyri-qanuni xarakter daşıyan səfərlərinə də icazə və imkan verilmir. Doğudur, Şengen zonasında bunu bir qədər tənzimləmək çətindir. Çünki digər Şengen ölkələrindən tamamilə saxta məlumatlar əsasında viza alıb ölkə ərazisinə gəlmək halları ola bilər. Amma Almaniya hökuməti özü bilavasitə bu kimi şəxslərə Azərbaycan tərəfinin haqlı iradları və mövqeyini nəzərə alaraq, vizanın vermir. Ona görə də Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn norma və prinsipləri, Helsinki yekun aktına əsaslanan mövqeyini təqdir edirik”.