24 Avqust 2018 23:30
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel Cənibi Qafqaza səfəri çərçivəsində sabah Bakıya gələcək. Qərb mediasında Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi Cənub Qaz Dəhlizinin genişləndirilməsi olduğu bildirilir. Qeyd edilir ki, Almaniya Cənub Qaz Dəhlizinə regiondaki digər ölkələri də cəlb etməyi arzulayır. Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək.

Lakin iqtidarın opponentləri, o cümlədən AXCP və Müsavat rəhbərləri Merkelin səfəri ərəfəsi Azərbaycana təzyiq göstərilməsinə çağırışlar, məktubla müraciət edib, hətta bir qrup müxalif fəal Almaniyada aksiya da keçirib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında bu insanları başa düşməkdə çətinlik çəkdiyini vurğulayıb. O qeyd edib ki, dünyanın əsas dövlətlərindən birinin rəhbəri Azərbaycana gəlir, ölkəmizlə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə çalışır, Azərbaycanla dünya siyasətinin əsas məsələlərini müzakirə etmək istəyir:

“Ancaq həmin insanlar Azərbaycanı dünyada gedən proseslərdən təcrid etməyə, onun dünya ilə iqtisadi əlaqələrini qırmağa çalışırlar. Azərbaycanla bir düşmən kimi hərəkət edirlər. İstənilən şəxsdə vətənpərvərlik hissinin olması vacibdir. Ancaq mən bu insanlarda vətənpərvərlik görmürəm. Onların demokratiya, insan hüquqlarına dair dedikləri də boğazdan yuxarı deyilən sözlərdir. Nə özlərinin əməlində, nə də apardıqları siyasətdə demokratiyadan, insan hüquqlarından qətiyyən əsər-əlamət yoxdur. Yaşadığı, çörəyini yediyi ölkəni pisləmək, onun haqqında daim mənfi fikir yaratmaq düşmənçilikdən başqa bir şey deyil. Aydın məsələdir ki, bunlar özbaşına edilmir. Bunların arxasında Azərbaycanın inkişafını görmək istəməyən erməni diaspor təşkilatları, ölkəmizdə çirkin siyasətləri həyata keçməyən müəyyən xarici dairələr dayanır. Yəni, bu nöqteyi-nəzərdən onların hərəkətini nə vətəndaşlıq, nə də demokratiya baxımınmdn heç bir halda düzgün hesab etmək olmaz”.

Bəs bu çağırışları edənlər öz məqsədlərinə nə dərəcədə nail olurlar və bu çağırışlar A.Merkelin səfəri zamanı aparacağı danışıqlara nə dərəcədə təsir edə bilər? Bu sualı da cavablandıran A.Mirzəzadə deyib ki, hər halda Merkelə bu insanlar kimi məsləhətçilər lazım deyil:

“Angela Merkel kifayət qədər siyasi təcrübəsi olan və siyasəti, mövqeyi dünyada qəbul edilən görkəmli dövlət xadimidir. O, regiona, o cümlədən Azərbaycana səfər edərkən şübhəsiz ki, bütün faktorları nəzərə alıb. Və onun regiona səfəri ilk növbədə Azərbaycana görədir. Ermənistan bu gün dünya üçün heç bir əhəmiyyəti olmayan, maraq kəsb etməyən dövlətdir. Gürcüstan inkişaf edən ölkədir, ancaq onun iqtisadi potensialı, təbii sərvətləri azdır.

Azərbaycanın təbii sərvətləri, Xəzəryanı dövlət olması, eyni zamanda, nəqliyyat arteriyalarının Azərbaycandan keçməsi Almaniya üçün çox vacibdir. Almaniya bu gün özünün enerji təhlükəsizliyini təkcə bir ölkənin üzərində qurmaq istəmir. Almaniya bu gün Azərbaycan iqtisadiyyatına böyük investisiya yatırmaq istəyir. Almaniya bu gün islam dünyasında böyük nüfuza malik olan Azərbaycanla əlaqələr qurmaqda çox maraqlıdır. Bu baxımdan bir neçə cılız siyasətçinin çağırışları Angela Merkel üçün heç bir zaman önəmli ola bilməz”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər