Almaniya Kansleri Angela Merkel Azərbaycana səfər edib. Səfər ərəfəsində politoloqlar müxtəlif fikirlər bildiriblər.
Teleqraf.com siyasi şərhçilərin Merkelin Azərbaycan səfəri haqda fikirlərini təqdim edir.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hesab edir ki, Cənubi Qafqaz ölkələrinə gələn Almaniya kanslerinin burada atdığı addımlar Rusiyanın nəzarəti altındadır.
O, Merkelin səfər tarixinin təsadüfi seçilmədiyini bildirib:
“Səfərin tarixi təsadüfi seçilməyib. Gürcüstanın 2008-ci ildə üzləşdiyi işğal faktının 10 illik yubileyidir. Kansler Rusiyanın keçmiş imperiya məkanında hərbi fəallığının hüdudlanmasında xüsusi rol oynayır. Ukraynada baş verənlərə qarşı da xanım Merkelin mövqeyi prinsipialdır.
Bu gün də Putin simmetrik olaraq separatçı Şimali Osetiya və Abxaziyanın marionet rəhbərlərini Kremlə çağırmışdı. Qondarma qurum təmsilçilərini toplamaqla rəsmi Moskva Qərb siyasətinə qarşı alternativ nümayiş etdirir.
Tiflisdən İrəvana gedən kansleri Paşinyan təyyarənin trapı qarşısında qarşılayıb”.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycandan əvvəl İrəvanda olarkən, Ermənistan rəsmiləri və mediası İrəvanda olan Angela Merkeldən Azərbaycan əleyhinə nəsə kiçicik də olsa fikir qoparmağa çalışsalar da, almaniyanlı yüksək rütbəli qonaq Qarabağ mövzusunda ümumi ifadələrlə kifayətlənib.
Politoloq qeyd edib ki, Merkel erməni jurnalistlərin nümayəndə heyətinin tərkibində Azərbaycana səfərinə qadağa qoyulan almaniyalı deputatla bağlı suala da konkret cavabdan yayınıb:
“Merkelin başqa alternativi yoxdur. O, Azərbaycan əleyhinə danışa bilməz. O, Bakıya gəlir və Cənubi Qafqaza səfərinin əsas qayəsini enerji mövzusu təşkil edir, onu isə ancaq Azərbaycan paytaxtına müzakirə etmək olar.
Hesab edirəm ki, Almaniyanı Azərbaycan qazı çox da maraqlandırmır, əsas odur ki, Rusiya qazını almaqda davam edən Berlin tərəfdaşlarının təzyiqindən qurtulmaq istəyir və demək istəyir ki, Avropaya alternativ qaz nəqlinə maraq göstərir.
Ancaq Merkelin Azərbaycana səfəri ilə bağlı bir sual məni hələ də düşündürür: Bilə-bilə ki, Dağlıq Qarabağa qeyri-qanunu səfərlər edən şəxslər daha sonra Azərbaycana buraxılmır, adı çəkilən almaniyalı deputatı Merkelin səfər siyahısına kim və hansı məqsədlə salıb?”.