Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Asim bəy, Almaniyanın Kansleri Angela Merkelin səfərinin yekunlarını necə qiymətləndirirsiniz?
– Bu səfər Azərbaycan-Almaniya əlaqələrinin daha da güclənməsinə, əməkdaşlığın genişlənməsinə xidmət edir. Səfərdən sonra iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq artacaq. Xanım Merkeli müşayiət edən alman biznesmenlər Azərbaycanın qeyri-neft sektoru üzrə iqtisadiyyatına öz töhfələrini verəcəklər. Bununla yanaşı, xanım Merkel yenə də Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq normalarına önəm verdiyini və ATƏT-in Minsk Qrupunun üzvü kimi bu münaqişənin beynəlxalq hüququn əsas prinsipləri əsasında həllinə çalışacağını bildirdi.
Düşünürəm ki, ikitərəfli münasibətlərlə yanaşı Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi Almaniya Azərbaycanın ittifaqla münasibətlərinə də müsbət töhfəsini verəcək. Bu baxımdan səfəri uğurlu hesab edirəm və ümidvaram ki, iki ölkə arasında münasibətlər daha da güclənəcək, Almaniya Azərbaycanın böyük layihələr həyata keçirməsinə də müvafiq dəstək verəcək.
– Rusiya ilə “Şimal axını” qaz kəmərləri inşa edən Almaniyanın bu səfərlə Cənub Qaz Dəhlizinə dəstək verməsini necə qiymətləndirirsiniz?
– Bu iki layihə arasında heç bir ziddiyət yoxdur. Əksinə, nümayəndə heyətinin bütün üzvləri Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı üçün çox önəmli olduğunu xüsusi vurğulayırdılar. Almaniya Avropa İttifaqı çərçivəsində bu layihəyə öz dəstəyini verəcək. Çünki Avropa İttifaqı ölkələrinin məhz Xəzər dənizinin karbohidrogen ehtiyatlarına çox böyük ehtiyacı var. Sadəcə “Şimal axını” layihəsi ilə bu ehtiyac ödənə, Avropanın enerji problem öz həllini tapa bilməz. Eyni zamanda Avropanın enerji layihələrinin diversifikasiyasında Cənub Qaz Dəhlizi böyük rol oynayacaq. Almaniya bu istiqamətdə də Azərbaycanla əməkdaşlıq edəcək.
– Avqustun 25-də Milli Məclisdə Angela Merkeli səfərdə müşayiət edən Almaniya Bundestaqı deputatlarından ibarət nümayəndə heyəti ilə görüşünüz oldu. Bu görüşdə hansı məsələlərdən bəhs olundu?
– Görüşdə Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı fraksiyasının sədr müavini Johann Vadephul bildridi ki, nümayəndə heyətinin tərkibində Bundestaqın bütün fraksiyalarının üzvləri təmsil olunublar. Biz görüş zamanı parlamentlərarası münasibətlərin güclənməsinə, iki ölkə arasında əməkdaşlığın inkişafına parlamentlərin verə biləcəyi töhfələrə dair müzakirələr apardıq. Biz qonaqları Azərbaycanın dəyərləri ilə bağlı məlumatlandırdıq.
Bilirsiniz ki, Azərbaycan hələ 200 il bundan qabaq alman qaçqınlarını qəbul edib. Vaxtilə üzləşdikləri məhrumiyyətləri Azərbaycanla bölüşən alman qaçqınlar – alman icması bu gün Azərbaycan xalqının tərkib hissəsinə çevrilib. Bundan əlaqə Bundestaqın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstəyi barədə danışdıq və bu mövqenin məhz beynəlxalq hüquqa uyğun gəldiyini bildiridik. Çox maraqlı görüş oldu və ümidvaram ki, bu görüş əlaqələri daha da gücləndirəcək. Belə bir razılığa gəlindi ki, qarşılıqlı səfərlər, görüşlər daha da intensiv olsun və Almaniya Bundestaqı Azərbaycanın həyata keçirdiyi strateji layihələrə öz dəstəyi ifadə etsin.
– Yeri gəlmişkən, almanların 200 il öncə Azərbaycana gəlişi necə baş verib?
– Həmin dövrdə Almaniyanın cənubunda çox ağır xəstəliklər – vəba, taun kimi xəstəliklər yayılmışdı. Bununla yanaşı dəhşətli aclıq hökm sürürüdü. Belə olanda minlərlə alman Rusiya imperatoru I Aleksandrın dəvəti ilə məhz Qafqaza – Azərbaycana, Gürcüstana və Volqaboyu əraziyə yerləşdirildi. Azərbaycana yerləşdirilən almanlar burada yerli sakinlərlə birgə 200 ildən artıqdır əmin-amanlıq şəraitində yaşayırlar. Ümumiyyətlə, bir çox xalqların və dinlərin nümayəndələrinin Azərbaycanda qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşaması ölkəmizin böyük nemətidir. Azərbaycan fərqli sivilizasiyaların, fərqli mədəniyyətlərin əməkdaşlıq sisteminə malikdir. Bu gün Avropada çox çətin proseslər gedir. Azərbaycanın bu təcrübəsi Avropada müsbət dəyişikliklərə xidmət edə bilər. Avropa mütləq bu təcrübə ilə tanış olmalıdır. Alman icması da Azərbaycan mədəniyyətinin, iqtisadiyyatının inkişafına öz töhfəsini verib. Biz bu münasibətlərin əski ənənələr əsasında daha da genişlənməsini istərdik.
– Belə bir söz var; tarix təkrar olunur. Vaxtilə Verner, Vilhelm və Karl Simens qardaşları tərəfindən Gədəbəydə mis mədəni və misəritmə zavodu tikilmişdi. Nəticədə Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrilmişdi. SSRİ-nin mövcud olduğu illərdə ölkəmizə ayaq basmaqdan məhrum edilmiş alman iş adamları bu gün yenidən Azərbaycan iqtisadiyyatına sərmayə yatırırlar…
– Azərbaycan iqtisadiyyatının qeyri-enerji sektorunun inkişafında Almaniyanın çox ciddi yatırımları ola bilər. Alman texnologiyalarının istifadəsi hal-hazırda da var. Daha geniş istifadə oluna bilər. Mən bir məsələni də xüsusi qeyd etmək istərdim. Biz “Peşə təhsili haqqında” qanun layihəsi hazırlayarkən, bu prosesə alman mütəxəssisləri cəlb etmişdik. Həm Avropada, həm də dünyada Almaniyanın peşə təhsilinə çox yüksək əhəmiyyət verilir. Hətta, ABŞ da bu təcrübəni öyrənib tətbiq etmək istədiyini bəyan edib. Biz birgə əməkdaşlıq edərək, bu istiqamətdə yeni qanun qəbul etdik.
Ümidvarıq ki, Azərbaycanda peşə təhsilinin inkişafına Almaniya öz töhfəsini verə bilər. Yəni, bizim əməkdaşlığımız sadəcə, iqtisadiyyat və siyasətlə məhdudlaşmayacaq. Humanitar sahədə – təhsil, mədəniyyət sahəsində də əməkdaşlığımızın inkişafı üçün böyük potensial var. Biz çox istərdik ki, Almaniya Azərbaycan gənclərinə viza verilməsini yüngülləşdirərək gənclərimizin bu ölkənin təhsil sisteminə daha asan çatmasına, təhsildə daha sıx inteqrasiya etməyimizə öz töhfəsini versin. Universitetlərarası əməkdaşlığı genişləndirilməsinə Bundestaq müəyyən dəstəyini verməlidir.
Biz alman deputatlarla bu istiqamətdə məsələləri müzakirə edərkən, gələcəkdə Azərbaycan universitetləri ilə Almaniya universitetləri arasında xüsusi əməkdaşlıq proqramının yaradılması ideyasına da toxunduq.