Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həll prosesində vasitəçi kimi iştirak etmək ehtimalının Rusiyanı narahat etməsi barədə fikir söyləmək çətindir. Rusiyanın bu narahatlığına qarşı ciddi arqumentlərinin olduğunu demək də problematikdir.
Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə belə deyib.
Politoloq bildirib ki, Almaniyanı prosesə cəlb etmək üçün ciddi əməli tədbirlər görülməlidir:
“Lakin Almaniyanın burada iştirak edəcəyi gözlənilən deyil. Bununla bağlı sadəcə analitiklər səviyyəsində fikirlər səsləndirilir. Müxtəlif zamanlarda həm Azərbaycan, həm də Ermənistan tərəfində münaqişənin vasitəçilik missyasına yeni həmsədr dövlətlərin cəlb ediləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta, bəzi məqamlarda eyforiyaya da qapılırlar.
Amma zaman göstərir ki, bunlar əsaslı gözləntilər deyil. Buna görə də zənn etmirəm ki, Almaniya Qarabağ məsələsinin həll prosesinə fəal şəkildə qatılacaq. Hesab edirəm ki, Kremldən verilən açıqlama Almaniyanın münaqişədə rol almasına imkan yaratmır. Bunun üçün geosiyasi şərtlər uyğun olmalıdır. Bu, eyni zamanda uzun və ağır prosedur tələb edən məsələdir”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Almaniyanın Ermənistan – Azərbaycan münaqişəsində vasitəçi kimi cəlb edilmək ehtimalı barədə yayılan məlumatlara münasibət bildirib.
O, bunun münaqişə tərəflərinin iradəsindən asılı olduğunu bildirib.