Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş barədə danışıqlar davam edir və həm Bakıda, həm də Brüsseldə daimi əsasda keçirilir.
Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər:
“Bizim niyyətimiz danışıqların tez bir zamanda başa çatdırılmasıdır. Hər iki tərəf danışıqlarda irəliləyişə sadiq olduğunu nümayiş etdirib və biz səbrsizliklə yaxın zamanlarda baş tutacaq növbəti mərhələni gözləyirik”.
Avropa Komissiyasından bildiriblər ki, müzakirələr konstruktiv məcrada davam edib və hər iki tərəf 1996-cı ildə əldə olnmuş sazişi əvəz edəcək yeni sazişin imzalanması üçün güclü iradə nümayiş etdirir:
“Yeni saziş fundamental dəyərlər və prinsiplər üzərində qurulmuş münasibətlərimizi daha da genişləndirəcək və dərinləşdirəcək. Saziş siyasi, ticarət-iqtisadi və sahələr üzrə münasibətləri əhatə edəcək”.
Komissiyada vurğulayıblar ki, əsas diqqət Aİ ilə Azərbaycan arasında cari əməkdaşlığı, Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olmasını əks etdirən və tərəflərə öz potensiallarını reallaşdırmağa imkan verəcək bu sazişin imzalanmasına ayrılır.
Bununla belə təşkilatdan bildiriblər ki, yeni sazişin adı hələlik müəyyən edilməyib:
“Yeni sazişin imzalanması Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinin reallaşdırılması ilə yanaşı ikitərəfli gündəliyimizdə əsas prioritetlərdən biridir”.