19 Sentyabr 2018 20:40
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda aprel ayında baş verən hadisələrdən sonra hakimiyyətə gələn Nikol Paşinyan ilk gündən sərsəm fikirləri və Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla əslində elə küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi. Azərbaycan bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Ermənistanda hamının bildiyi bir gerçəklik var:

“Əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq. 2016-cı il aprel döyüşlərində Ermənistan əhalisinin əksəriyyəti lazımi əşyalarını toplayaraq ölkədən qaçmağa hazırlaşırdılar. Siyasilər isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət buraxmamışdılar. İndi öz siyasi çərənləmələriylə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı verdiyi bəyanatları özünə siyasi sipər etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər yaradır, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə qaldırır”.

H.Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edərkən, işğalçı dövlət olan Ermənistana 2016-cı ilin aprel döyüşlərini, 2018-ci ilin Günnüt döyüşlərini və Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha xatırladıb:

“Prezident İlham Əliyev qeyd etdi ki, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Yaxşı olar ki, Paşinyan özünün sərsəm açıqlamaları müqabilində Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünsün. Əks təqdirdə onu sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər