Azərbaycan Prezidentinin parlamentin 100 illik yubiley tədbirində səsləndirdiyi bir sıra fikirlər ciddi məna daşıyır. Prezident İlham Əliyev açıq bəyan etdi ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşması mümkün deyil. Hesab edirəm ki, bununla dövlət başçımız Ermənistana öz mesajını verdi.
Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov Azərbaycan Prezidentinin parlamentdə çıxışı zamanı “Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılması mümkün deyil” fikrini şərh edərkən deyib.
Politoloq bildirib ki, dövlət başçısı bununla Azərbaycanın regiondakı nüfuzu, imkanları və imicinin yüksək səviyyədə olduğunu, regional layihələrin yalnız Azərbaycanın iştirakı ilə həyata keçirilə biləcəyini bəyan edib:
“Fikir verin, biz Avropa və Asiyanı birləşdirən ölkəyik. Regiondakı ən böyük enerji, nəqliyyat layihələri Azərbaycandan keçir. Bizim bir sıra regional və dünyəvi əhəmiyyətə malik layihələrimiz reallaşıb, bəzilərinin reallaşması üçün iş davam edir.
Bu layihələrdən müxtəlif dövlətlər bəhrələnir, onların rifahı artır. Mən şübhə etmirəm ki, prezident Ermənistanı nəzərdə tutaraq bu fikirləri deyib.
Hər kəsə bəllidir ki, Azərbaycan liderinin apardığı siyasət nəticəsində Ermənistan regional layihələrdən təcrid edilib. Prezident eyni zamanda Rusiya, İran, Türkiyə və Gürcüstanı da nəzərdə tutur. Biz böyük layihələri bu ölkələrlə birlikdə həyata keçiririk.
Cənub Qaz Dəhlizini götürsək görərək ki, bu, Avropaya da lazım olan layihədir. Çünki onların enerji təhlükəsizliyini təmin edir. Şübhəsiz ki, belə bir əhəmiyyətli layihənin həyata keçməsi bilavasitə Azərbaycandan asılıdır. Nəzərə alın ki, Azərbaycan regionda bir sıra mühüm layihələrin təşəbbüskarı və icraçısıdır. Biz müxtəlif qitələri birləşdirən dövlət halına gəlmişik və bu reallıqdır”.
Mütəxəssis bir daha vurğulayıb ki, Ermənistan bu reallıqları görməlidir:
“Dövlət başçımızın Ermənistana mesajında bu deyilir ki, əgər ağıla gəlsə, özünü sivil dövlət kimi aparsa və ən əsası, işğal edilən torpaqları azad etsə, belə regional və dünya əhəmiyyətli layihələrdə Ermənistanda iştirak edə bilər.
Azərbaycan hər dəfə bəyan edib ki, biz belə layihələrin keçirilməsində maraqlıyıq, digər ölkələrin də bu prosesdə iştirakına şərait yaradırıq. Ermənistan işğalçılıq siyasətinə son verərək bu proseslərdə iştirak edə bilər. Əks halda uzun illər regional layihələrdən kənarda qalacaq və yoxsullaşmaqda davam edəcək”.