Azərbaycan-Macarıstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlıya Macarıstan dövlətinin ordeni verilib.
Teleqraf.com xəbər verir ki, millət vəkillərinin, diplomatların iştirakı ilə keçirilən tədbirdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsində Xanhüseyn Kazımlının birbaşa rolu vurğulanıb.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq hazırda yüksək səviyyədədir və uğurla irəliləyir. O, əlavə edib ki, münasibətlərin inkişafında parlamentlərin və parlamentarilərin rolu danılmazdır:
“Cənab Xanhüseyn Kazımlı 2011-ci ildən Milli Məclisin Macarıstanla Dostluq Qrupunun rəhbəridir. Qeyd edim ki, Macarıstan-Azərbaycan münasibətlərinin belə bir yüksək səviyyəyə çatmasında onun da böyük rolu olub və bu səbəbdən Macarıstan prezidenti Yanoş Ader iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Xanhüseyn Kazımlını yüksək dövlət ördeni - Macarıstanın Zabitlər Xaçı ləyaqət ordeni ilə təltif edib”.
Səfir çıxışını bitirdikdən sonra ordeni X.Kazımlıya təqdim edib.
Öz növbəsində X. Kazımlı belə bir yüksək təltifə görə Macarıstan prezidentinə, o cümlədən, səfirə minnətdarlğını bildirib:
“Hər iki ölkənin prezidentinə minnətdarlığımı, təşəkkürlərimi bildirirəm. Onların sayəsində iki ölkə arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf etməkdədir”.
Daha sonra Milli Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deputat həmkarını Macarıstan dövləti tərəfindən ordenlə təltif edilməsi münasibətilə təbrik edib və onun iki ölkə arasında münasibətlərin inkişafında xidmətləri olduğunu vurğulayıb.
Qeyd edək ki, X.Kazımlı Səməd Seyidovdan sonra bu mükafata layiq görülən ikinci millət vəkilidir.