28 Sentyabr 2018 02:05
2 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər. Öncə iştirakçılar Heydər Əliyev Mərkəzinin inzibati binasının önündə Ümummilli Liderin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular, Onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirib ki, sıralarında 10 mindən çox üzvü birləşdirən rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib. B.Vəliyev xüsusi olaraq vurğuladı ki, partiyanın Abşeron rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin fevral ayının 22-də təsis olunan, 10000 nəfərə yaxın partiya üzvünü və 122 ərazi ilk partiya təşkilatını birləşdirən Abşeron rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir.

YAP Abşeron rayon təşkilatının Şura üzvü Nuru Nadirov YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək o zamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan, xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddaşındadır. Çətin bir vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Belə bir vəziyyətdə dövlətçiliyimizin təminatını və xalqımızın müdafiəsini ancaq Heydər Əliyev kimi dahi bir şəxsiyyət bacara bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiyanın təsis olunması, sonrakı illərdə iqtidarda təmsil olunması ilə dövlətimizin bütün problemləri öz həllini tapdı. YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyibə Hüseynova tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. YAP Abşeron rayon təşkilatının 10 minə yaxın partiya üzvünün 65 faizini qadınlar təşkil edir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Onlar öz vətəndaş mövqeyini əmək fəaliyyətlərini uğurla davam etdirməkdə görürlər. Bir sözlə, Azərbaycan qadınları tükənməz enerji ilə doğma ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir".

Onun sözlərinə görə, bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır: "Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir".

Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov ulu öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı illərə nəzər salıb. Xalqımızın öz dahi rəhbərinə olan böyük inam və etimadından, ona bəslədiyi güvənindən bəhs etdi. Azərbaycan xalqının Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxdığını və onun ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəsləndiyini söylədi. Bəli, xalq öz inamında və seçimində yanılmamışdı. 91 nəfər Azərbaycan ziyalısı xalqın, ümumilikdə, istəyini müraciətlərində əks etdirərək ümummilli lider Heydər Əliyevə ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı, eyni zamanda, yeni yaradılacaq partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Vaxtdan ötən müddət ərzində istər partiyamız, istərsə də onun rayon təşkilatları uğurla inkişaf etməyə başladı.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz bu müddətdə ortaya 100 il müstəqillik tarixinə malik olan ölkələrdən daha yüksək təcrübə qoya bilib. Ölkəmiz XX əsrin 90-cı illərinin əvvəllərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz həmin dövrdə siyasi və silahlı qruplaşmaların fəaliyyəti nəticəsində ölkəmizdə özbaşınalıq hökm sürürdü. O dövrdə iqtidarda olan vəzifə hərislərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz ağır vəziyyətə düşmüşdü. Vətəndaş müharibəsi başlamışdı. Yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan bütün bu bəlalardan qurtula bildi. İqtisadi inkişafın təməl prinsipləri yarandı, uğurlu neft müqavilələri imzalandı, vahid ordu formalaşdırıldı, ictimai-siyasi sabitlik yarandı”.

V.Rəhimzadə qeyd edib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra neft müqavilələrinin imzalanması Azərbaycanın bugünkü güclü iqtisadiyyatının təməlini qoydu. Məhz ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandı. Bununla da Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsası qoyuldu. YAP öz qətiyyətli mövqeyi ilə xalqa xidmət nümunəsini ortaya qoyur. Partiyamızın özünəməxsus dəyərləri, xalqımız, dövlətimiz üçün böyük töhfələri var. Bir daha Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının çoxsaylı üzvlərini 25 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.“

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirib. Bu gün ölkəmizin dünyada söz sahibi olduğunu, bütün sahələr üzrə uğurlara imza atdığını qeyd edərək bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırdı. Yeni Azərbaycan Partiyası qısa bir müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirə bildi, ümumxalq partiyasına çevrildi. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir.

Sonda YAP Abşeron rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə bir qrup partiya fəalı təltif olundu. YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə isə partiyanın üzvlük vəsiqələri təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər