Rusiya-Azərbaycan yaxınlaşmasında təhlükə görmürəm, əksinə bu yaxınlaşmanı insanlarımız üçün bir sosial şans, Dağlıq Qarabağ münaqişəsinin həlli üçünsə əsas meyarlardan biri kimi qiymətləndirirəm. Çoxlarının düşündüyü kimi, bu yaxınlaşma Azərbaycanın müstəqilliyini itirməsi və ya Rusiyadan asılı düşməsinə əsas yaratmır.
Teleqraf.com xəbər verir ki, bunu AXCP adına iddia edən partiya sədri Razi Nurullayev deyib.
Onun sözlərinə görə, istənilən halda, bütün dövlətlər bir-birlərini qıcıqlandıracaq addımlara yol vermirlər:
“Azərbaycanın Rusiya ilə yaxınlaşması, bloklaşması və eyni siyasi gündəm yaratması da qorxulu deyil. Məncə, biz Ruisyanı xortdan kimi görməkdə davam etsək, uduzan tərəf olarıq. Həm də Avropaya inteqrasiya o demək deyil ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək. Çünki bu gün Qərb dünyası qoruya bilsəydi, Gürcüstan və Ukraynanı qoruyardı. Biz Azərbaycan olaraq onların siyasətinə bənzər siyasət yeridə bilmərik. Qazaxistan haqqında kim deyə bilər ki, o müstəqil deyil?
Bir də ki, siyasi həqiqət və reallıqları unutmaq olmaz. Demək olmaz ki, biz Rusiyadan qorxmuruq, onları saya salmırıq, onların sözünün bizim üçün bir qəpiklik dəyəri yoxdur. Biz eyni yanaşmanı Avropa dövlətlərinə və Amerikaya edə bilərikmi? Xeyr!
Məgər biz şahidlik etmirik ki, ABŞ-ın qorxusundan ölkələr İrandan çıxmağa başlayıb? Şimali Koreya lideri Kim Çın Una minnətlə salam verirlər. Amerika BMT-nin Fələsitinlə bağlı iclasında ABŞ-a qarşı gedənlərə açıq-aşkar hədə-qorxu gəlmişdi. Onlarla dövlət qorxusundan xarici siyasət kursuna xəyanət etmişdi”.
Razi Nurullayev qeyd edib ki, hər bir dövlət siyasi reallıq və perspektivləri nəzərə almağa məcburdur, almayanların başına oyun gəlir.