ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən səfəri prinsip etibarilə əvvəlki səfərlərdən heç nə ilə fərqlənmir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, həmsədrlərin səfəri əsasən ilin yekunları ilə bağlıdır:
“Həmsədrlərin səfəri növbətçi səfər kimi xarakterizə olunmalıdır. Onların budəfəki səfəri zamanı da ciddi irəliləyişə imza atacaqları gözlənilmir. Çünki Fransa separatçılarla açıq-aydın təmaslara girişib. Hətta rəsmi Bakı Fransaya etiraz notası təqdim edib. Rusiyanın status-kvonun dəyişməsinə qarşı olması, şübhəli gedişləri bu səfərin mahiyyətinə kölgə salır. ABŞ-ın mövqeyində isə ciddi dəyişiklik var.
Vaşinqton Cənubi Qafqazdakı bu münaqişənin həllində maraqlıdır. Bunu Ermənistandakı səfir Riçard Millsin açıqlamalarından da görmək mümkündür. Ümumiyyətlə, ABŞ-ın münaqişənin nizamlanmasında aktivliyi görünür. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun verdiyi mesajlarından aydın olur ki, Vaşinqton konfliktin həllində maraqlıdır və onun siyasi yanaşmaları Azərbaycanın maraqlarına cavab verir”.
M.Əsədullazadə qeyd edib ki, hazırda Ermənistanda böhranlı siyasi vəziyyət hökm sürür:
“Növbədənkənar parlament seçkilərinin yaxınlaşması ilin sonuna kimi Qarabağla bağlıdanışıqların aparılması qeyri-mümkün edir. İrəvanla Bakı arasında operativ rabitə sistemi ilə tərəflər mümkün təmaslar saxlayırlar. Əgər gələn ildən başlayaraq Ermənistan mövqeyində dəyişiklik etməsə, rəsmi Bakı operativ rabitə əlaqəsinə son verə bilər”.
Politoloq onu da qeyd edib ki, həmsədrlər Dağlıq Qarabağa Ermənistan üzərindən deyil, Azərbaycan tərəfindən getməlidirlər:
“Azərbaycan bunu mütləq şəkildə tələb etməlidir. Çünki Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycan ərazisidir və işğal faktı ortadadır. Hazırda regionda dəyişən şərtlər Azərbaycanın lehinədir. Həmçinin, ABŞ rəsmilərinin işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mesajları Azərbaycanın mövqeyini gücləndirir. Ona görə də həmsədrlər qarşısında bu şərt irəli sürülməli, işğal olunmuş ərazilərə səfər Azərbaycan tərəfindən reallaşmalıdır. Bu həmsədrlərə olan etimadı və güvəni bərpa etmiş olar. Həmsədrlərin buna getməsi mümkündür və Ermənistanın etirazları heç nəyi dəyişə bilməz”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə bölgəyə səfər edəcəklər. Həmsədrlər Ermənistanda və Azərbaycanda olacaqlar. Onların səfər proqramına Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini ziyarət də daxil edilib.