Türkiyə, Almaniya, Fransa və Rusiyanın Suriya böhranının həlli üçün İstanbul sammitində bir araya gəlməsi qlobal güc tarazlığında yeni bir dönüş nöqtəsinə işarədir. Bu tarazlıqda nə Donald Trampla birgə hegemon mövqeyini möhkəmləndirmək səylərinə girişən ABŞ, nə də Yaxın Şərq siyasətində böyük nisbətdə Rusiyanın dəstəyinə arxalanan İran iştirak etməkdədir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, İran İstanbulda keçirilən sammitə qısqanclıqla yanaşır:
“Əslində, İran hər dəfə XİN səviyyəsində açıqlamalar verərək, Türkiyənin bölgə siyasətində əslində heç bir əhəmiyyətli müvəffəqiyyət əldə etmədiyini, Yaxın Şərqdə tək söz sahibinin İran olduğunu və Türkiyə ilə Rusiyanın Suriya böhranının həlli üçün özlərinə ehtiyac duyduğuna eyham vurub. İran üçün Türkiyənin Yaxın Şərqdəki fəaliyyəti ABŞ-a nisbətən daha çox təhdid kəsb edir. Türkiyə-Rusiya-İran üçlüyünün başlatdığı Astana zirvə görüşləri ilə Avrasiya düşüncəsinin yenidən yüksəlişə keçdiyi irəli sürülərkən İranın bu müddətdəki prioriteti Türkiyənin Yaxın Şərqdəki fəallığının qarşısını almaq olub.
Tehran üçün əsl təhlükə Türkiyənin Əsəd rejiminə qarşı mülayim müxalifləri dəstəkləməsi olub.
Digər tərəfdən, ərazidə güclənən və ölkənin demoqrafik quruluşunu dəyişdirmək üçün cəhdlər edən İran milisləri dünya gücləri tərəfindən Suriyanın gələcəyi üçün təhlükə olaraq görülməyə başlanıb
Həm Almaniya, həm də Fransanın İranın nüvə silah əldə etməməsi, Yaxın Şərqə qeyri-sabitlik gətirməməsi və Suriyadan çəkilməsi mövzusunda həmfikir olduqları görünür.
İyun ayında ABŞ Prezidenti Donald Trampla Helsinki sammitində İranın Suriyadan çəkilməsi mövzusunda ortaq qənaətə gələn Rusiya Prezidenti Vladimir Putin də bu fikrə qatılıb. Almaniya, Fransa, Türkiyə və Rusiyadan ibarət formalaşan dördtərəfli formatda ortaq fikri Almaniya kansleri Angela Merkel bu sözlərlə ifadə etdi: “Rusiya dövlət başçısı ilə Suriyada İranın mövcudluğu mövzusunu müzakirə etdik. İran qüvvələrinin olmadığı bir bölgə istəyirik. Bu səbəbdən İran qüvvələri Suriyadan çəkilməlidir”.
Putin isə İran qüvvələrinin Suriyadan tamamilə çəkilməsinin ayrı bir mövzu olduğunu və buna İran-Suriya və İran-ABŞ arasındakı dialoqla qərar verilməsi lazım olduğunu söyləyib.
Bir sözlə, Helsinki sammitində bir araya gələn Moskva ilə Vaşinqton arasında İranın Suriyadan çəkilməsinə dair ortaq mövqeyə gəlindiyi görünür. İndiki vaxtda hər nə qədər əsas müzakirə mövzusu İdlibdəki humanitar böhranın qarşısının alınması olsa da İstanbul sammiti ilə birlikdə İranın Yaxın Şərqdən çəkilməsi mövzusunda yeni bir əməkdaşlıq anlayışı ortaya çıxa bilər”.
E.Aşırlı hesab edirki, bu vəziyyət İranın qlobal güc mübarizəsində və beynəlxalq siyasətdə daha çox yalqızlaşması mənasına gələ bilər:
“Nəticədə İstanbul sammiti ilə birlikdə Türkiyənin beynəlxalq siyasətdəki mərkəzi yeri biri daha möhkəmlənməkdə və İranın qlobal siyasətdəki yalnızlığı gedərək artmaqdadır”.